Rusiya Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçirilməsinə cəhd edir.
Bu cəhdi Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin dilə gətirib və onun açıqlaması görüşün tarixi ilə bağlı hələ diplomatik razılaşma olmadan öncəyə təsadüf edib.
Azərbaycan üçün fərq etmir, istər Brüssel formatı, istər Vaşinqtonun moderatorluğu, istərsə də Moskvada qurulan masa Bakı üçün əlverişlidir.
Çünki Azərbaycan Qərblə Rusiya arasında dərinləşən qütbləşmədə özünün manevr sahələrini əhəmiyyətli şəkildə genişləndirir və danışıqlara Ermənistana diktə edən tərəf kimi gedir.
Vacib bir nöqtə budur ki, heç bir masada Azərbaycan geri çəkilmir, müzakirələrdən sonra təzyiqlər ssenarisini belə gözə alıb qətiyyətindən və prinsiplərindən dönmür.
Ermənistana gəlincə, onun manevr imkanı olduqca məhduddur, İrəvan bu dar çərçivədən çıxmaq üçün isə Qərbin qucağına sığınır.
Bu dəfə Ermənistan 10 noyabr bəyanatının 9-cu maddəsi - regional kommunikasiyaların açılması və ona nəzarət üzrə Rusiyanı oyundan kənarlaşdırmaq üçün indi daha çox çalışır.
Təbii ki, İrəvandakı bu planın memarları kənar qüvvələrdir və onlar gələcək Zəngəzur dəhlizini Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətindən ayırmaq istəyirlər.
İrəvanın bu dəst-xətini Qərbin maraqlarına uyğunlaşdırmaq cəhdləri təbii ki, Rusiya tərəfindən birmənalı qarşılanan deyil, ancaq Moskva İrəvana hələlik diplomatik-siyasi təzyiqlərlə regional gündəm formalaşdırır.
Ona görə də, İrəvanı masaya dəvət edir, hərçənd bilir ki, Ermənistanın Moskva mərkəzli danışıqlardan qaçmaq ehtimalları da az deyil.
Ancaq Paşinyan və onun qərbyönümlü komandası yəqin ki, Rusiyanın Ermənistanın təhlükəsizlik atmosferi üçün oynadığı texniki rolu nəzərdən qaçırmırlar.
Məsələnin texniki tərəfi budur ki, Rusiya Ermənistanın təhlükəsizlik sistemini idarə edir, üstəgəl həmin istiqamət üzrə varlığını iqtisadi təzyiqlərlə daha da böyütməyə çalışır.
Lakin İrəvanda Rusiya orbitindən çıxış planları hələ də siyasi axarda dövr etməkdədir, hətta ölkədən 102-ci hərbi bazanın çıxarılmasına dair çağırışlar artır.
Bütün bunlardan sonra Ermənistanın Rusiyanın qurmaq istədiyi masada əyləşməmək üçün bütün bəhanələrdən istifadə edəcəyi istisna deyil.
Amma bəhanələrə rəğmən, Rusiya alternativ təzyiq kanalları ilə Ermənistanın danışıqlar platformasında iştirakını təmin edə, bunun müqabilində İrəvan Moskvadan zəmanətlər istəyə bilər.
Bununla belə, İrəvan “Qərb, yoxsa Rusiya” dilemmasını birincinin xeyrinə sürətlə dəyişmək üçün çox enerji xərcləyir ki, bu da Moskvanın regiondakı maraqları ilə ziddiyyət təşkil edir.
Rəsmi Bakının Moskva-İrəvan gərginliyində tuta biləcəyi strateji mövqe yəqin ki, Azərbaycanın prioritetlərindən biridir. Ona görə də Bakının Rusiyada keçirilə biləcək danışıqlara razılıq verəcəyi ehtimalı yüksəkdir.
Yekunda Rusiyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müzakirələri baş tuta bilər, yəni hələ ki, tərəflərdən nə təsdiq, nə də təkzib gəlməsi bu ehtimalın dəqiqliyini göstərir.
Aqşin Kərimov