2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb.
Bu barədə seher.media-a onun anası Şəfa Abdullayeva məlumat verib.
O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Ananın sözlərinə görə, yeddi yaşlı qızı məktəbdən gəldikdən sonra qaz sobasını yandırmaq, isinmək üçün çaydanı onun üzərinə qoymaq istəyib:
“Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdirdilər. Üç həftə reanimasiyada qaldı. Biz fəhləlik edərək pulumuzu qazanırıq. Ona iki dəfə dəriköçürmə əməliyyatı edildi. Bu əməliyyatların pulu yardımsevər insanların köməyi ilə toplandı. Amma Yağmurun müalicələrini apara bilmirik. Nəyimiz varsa, satmışıq. Yağmurun yanan yerləri göynədiyi üçün yatağa məhkum olub. Yağmur isə özünə güzgüdə baxmağa utanır, ağlayır. Qızım əməliyyat olsa da, yaraları sağalmaq bilmir. Sağalma sürəti demək olar ki, çox zəifdir. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Yağmurun müalicəsini təmin etmək üçün bizə yenidən dəstək olsunlar. Bu müalicə müddətində yanan yerlərə köçürülən dərinin tikişlərinin bir-birindən aralanmaması üçün ona silikondan hazırlanmış geyim almalıyıq. Bu geyimin qiyməti 3200 manatdır. Bu pulun 1340 manatı yardımsevər insanlar tərəfindən toplanıb. Xalqımdan xahiş edirəm bu pulun qalan hissəsini toplaya bilməyimiz üçün bizə dəstək olsunlar”.
Əlaqə nömrəsi: (077) 310-54-57 (anası Şəfa Abdullayeva).