Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib

18
Noy
14:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ombudsman Səbinə Əliyeva “İrqi ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən noyabrın 17-də qəbul edilən müvəqqəti tədbirlər barədə qərara münasibət bildirib.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, qərar Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını hüquqi müstəvidə bir daha təkzib etmiş olub. Ölkəmizə qarşı müxtəlif platformalarda irəli sürülən ittihamyönümlü fikirlərin əksəriyyəti Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməklə yanaşı, bu fikirlərin hər hansı faktoloji əsasının olmaması bir daha təsdiq olunub.

Tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri vardır. Ölkəmizdə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların hüquq və azadlığının təmininə, mədəni müxtəlifliyinə, birgəyaşayış qaydalarına, onların inkişafı və harmonizasiyasına dövlət səviyyəsində diqqət göstərilir. Azərbaycan dövləti tərəfindən davamlı olaraq Qarabağın erməniəsilli sakinlərinin hüquqlarının təmini ilə əlaqədar beynəlxalq hüquqi öhdəliklərinə sadiqliyini bəyan edən çağırışlar edilir, həmin şəxslərin təhlükəsizliyinə və humanitar ehtiyaclarının qarşılanmasına təminat veriləcəyi yüksək səviyyədə bildirilir, erməniəsilli sakinlərin reinteqrasiyası istiqamətində əməli addımlar atılır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, milliyyətindən, dinindən, irqindən, etnik və digər mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan hər bir kəsin hüquq və azadlıqlarının təmini sahəsində fəaliyyətimizi həyata keçiririk.

Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilən hüquq və azadlıqlarının təmini və müdafiəsi məsələsi də daim Ombudsmanın diqqət mərkəzindədir.