Qarakənddə həlak olan Zülfü Hacıyevin qızı: “Atamın ruhu şaddır, çünki Qarabağ artıq azaddır”

20
Noy
21:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarakənd faciəsi zamanı mənim 24 yaşım var idi. Atam Qarabağda idi. Dayım qızı zəng edib dedi ki, Zülfü dayımdan narahatam. 5-10 dəqiqə sonra qapımız döyüldü. Qapını açanda atamın sürücüsünü gördüm. Sürücü bildirdi ki, Zülfü müəllimin helikopterini vurublar”.

Bunu “Report”un yerli bürosuna Qarakənd faciəsi zamanı həlak olan ozamankı baş nazirin müavini, deputat Zülfi Saleh oğlu Hacıyevin qızı Lalə Hacıyeva deyib.

O qeyd edib ki, Qarakənd faciəsindən iki gün öncə əmisi ilə atasının yanına gedib:

“Əmim dedi ki, Zülfü, Qarabağa getmə. O da gülümsəyərək bildirdi ki, mən getməyim, sən getmə, bəs, kim getsin?! Elə ora mən getməliyəm”.

Şəhid qızı bildirib ki, Zülfü Hacıyev hələ Qarabağ Təşkilat Komitəsinin sədri olarkən ermənilər üç dəfə qurumun binasına qumbara atıblar: “Xoşbəxtlikdən xəsarət alan olmayıb”.

L.Hacıyeva onu da əlavə edib ki, bu gün atası Zülfü Hacıyev və helikopter qəzasında həlak olan digər şəxslərin də ruhları şaddır. Çünki Qarabağ artıq azaddır.

Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Ağdam yaxınlığında, Xocavənd rayonunun Qarakənd səmasında “Mi-8” hərbi helikopterinin ermənilər tərəfindən vurulmasından 32 il ötür.

Qəza nəticədə helikopterdə olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın ozamankı daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, eyni zamanda Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.