Naxçıvan MR Səhiyyə Nazirliyi jurnalistlər üçün media tur təşkil edib - FOTO

21
Noy
22:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Muxtar Respublikasının (MR) Səhiyyə Nazirliyi jurnalistlər üçün media tur təşkil edib.

seher.media-ın Naxçıvana ezam olunan əməkdaşı xəbər verir ki, tur çərçivəsində 15 jurnalist MR-ə səfər edib.

Əsas məqsəd Naxçıvan səhiyyəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər və gələcək planlarla yaxından tanış etmək olub.

KİV nümayəndələri öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Sonra media nümayəndələri Ordubad Rayon Mərkəzi Xəstəxanası və Ailə Sağlamlıq Mərkəzində olublar.

Naxçıvanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov media nümayəndələrini həmin tibb müəssisələrində yaradılan şərait, bu müəssisələrin təchiz olunduğu müasir avadanlıqlar və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün görülən tədbirlər barədə məlumatlandırıb.

Ordubad RMX-da bu gün ilk dəfə iki endoprotez əməliyyatı icra olunub. Əməliyyatları Almaniyada təhsil alan və xəstəxanada işləyən həkim-travmatoloq Elşən Paşayev edib. O bildirib ki, ilk endoprotez əməliyyatı icra olunan xəstə antiterror tədbirlərində şəhid olan baş leytenant İbrahim Qasımovun atası Culfa rayon Ərəfsə kənd sakini 1962-ci il təvəllüdlü Malikəjdər Qasımovdur.

Daha sonra xəstəxananın həyətində “Bir şəhid, bir çinar” aksiyası çərçivəsində şəhidlərin əziz xatirəsinə QR kodlu bağsalma aksiyası baş tutub. Samiq Sadıxov və jurnalistlərin iştirakı ilə xəstəxananın ərazisində rayonun 57 şəhidinin adına çinar ağacları əkilib. Hər bir ağacın yanında şəhidin şəkli, adı, soyadı və ata adı olan məlumat lövhələri, həmçinin QR kodlar yerləşdirilib. Bu kodlar vasitəsi ilə hər bir şəhid haqqında ətraflı məlumat əldə etmək mümkündür.

Daha sonra media nümayəndələri Naxçıvan Sağlamlıq Mərkəzi və Naxçıvan Muxtar Respublika Xəstəxanasına baş çəkib, yaradılan şəraitlə yaxından tanış olub, onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər. Naxçıvan Mərkəzi Xəstəxanasının önündə xatirə şəkli çəkilib.

Xəstəxanalar üzrə tur başa çatdıqdan sonra nazir vəzifələrini icra edən Samiq Sadıxov mətbuat nümayəndələrini nazirliyin inzibati binasında qəbul edib. O, səhiyyə sahəsində tətbiq olunacaq innovativ həllər, 2024-cü ildə həyata keçiriləcək layihələr və planlar barədə ətraflı məlumat verib. Həmçinin son 6 ay ərzində səhiyyə sahəsinin inkişafı istiqamətində həyata keçirilən islahatlar, görülən işlər barədə iştirakçılara hesabat xarakterli təqdimat edib, görüşün sonunda suallar cavablandırılıb.

Səfərin yekununda jurnalistlər Duzdağ Fizioterapiya Mərkəzində də olublar. Onlar Naxçıvan duz mədəni bazasında yaradılan bu terapiya mərkəzinin astma, allergiya və bronxial xəstəliklərdən əziyyət çəkən şəxslər üçün möcüzəvi təsiri barədə məlumatlandırılıb.

Jurnalistlər Mərkəzin beynəlxalq xidmət sertifikatı ilə təmin olunması istiqamətində aparılacaq yenidənqurma işləri və nəzərdə tutulan yeniliklər barədə maraqlanıb.