ABŞ-nin müdafiə naziri Lloyd Ostin Kiyevə səfər etdikdən sonra Polşanın şərqindəki hərbi bazada xidmət edən ölkəsinin əsgərlərinə müraciət edib.
Cənab Ostin müraciətində bildirib ki, Rusiya Ukraynadakı müharibədə qalib gəlsə, o, Baltikyanı ölkələrə doğru hərəkət edəcək.
Ostinin Polşadakı çıxışının analizi belə deməyə əsas verir ki, ABŞ Ukraynaya yardım məsələsində dilemmalarla üzləşib və Vaşinqtonun qiymətləndirmələrində tarazlıq itib. Bu istiqamət bir qədər geniş açılmalıdır.
Qərb Ukraynanı daha nə qədər dəstəkləyə bilər? Rusiyanın hərbi kampaniyası, az qala, ikinci ilinə qədəm qoyarkən Vaşinqtonda və digər Qərb paytaxtlarında, hətta rəsmi Kiyevdə artan həyəcanlar bu sualı doğurur.
İlkin olaraq diqqət edilməlidir ki, ümumiyyətlə, son vaxtlar Qərbdən Rusiyanın qalibiyyətinə eyham vuran açıqlamalar, bəyanatlar, analitik məqalələr sürətlə çoxalıb.
Düzdür, Ukraynadakı müharibənin hərbi nöqtələri sabit bir dalan deyil, dondurulmuş vəziyyəti döyüşən tərəflər bir-birlərinə qarşı dəyişdirə bilərlər.
Ancaq fakt budur ki, Rusiya Ukraynanın geniş bir ərazi zolağında işğal xətti formalaşdırıb və istehkamları, müdafiə xətlərini böyük bir həvəslə bərkidir.
Ukraynanın bu bərkiməyə qarşı müqaviməti zəifləyir, çünki ölkənin canlı qüvvəsindən tutmuş, silah arsenalına qədər ordu üçün həyati əhəmiyyətli olan alətləri məhdudlaşır.
Deməli, Ukraynanın Rusiya qüvvələrinin irimiqyaslı mexanikləşdirilmiş manevr müharibəsi aparmasının qarşısını almaq qabiliyyəti, ən başlıcası, Qərbin genişmiqyaslı davamlı yardım göstərməsindən tamamilə asılı olaraq qalır.
Amma Ukraynanın əsas bir ehtiyacı da var ki, bu da canlı qüvvədir. Canlı qüvvə ilə təminatda Ukrayna daha böyük çətinliklə qarşı-qarşıyadır, belə problem Ukrayna ordusunun komplektləşdirilməsinə böyük bir maneə yaradır.
Bu azmış kimi, Qərb Kiyevə həlledici qələbə üçün inqilabi hesab oluna biləcək hərbi dəstəyi göstərməkdən yayınır.
Buna NATO daxilindəki fikir ayrılıqları, ABŞ-də yaxınlaşan prezident seçkisi, Çinin Qərbə qarşı hegemoniyasını genişlətməsi birbaşa və dolayı yollarla təsir göstərir.
Bu tendensiya Qərbin Ukrayna meydanında Rusiya ilə genişmiqyaslı müharibəyə olan həvəsini söndürür. Beləliklə, döyüş meydanındakı cari situasiya Rusiyanın xeyrinədir.
Əgər Qərb Ukraynaya dəstəkdə nəzərəçarpacaq dərəcədə xəsislik göstərsə, Ukraynanın Rusiya qoşunlarına qarşı əks-hücum trayektoriyasındakı olan-qalan imkanları da tükənəcək.
Belə tablo birinci növbədə Kremli sevindirir, çünki Ukrayna tükənsə, Rusiya qoşunlarının perspektivli genişmiqyaslı mexanikləşdirilmiş hücumları yeniləmək üçün imkanları açılacaq.
Qərb, həqiqətən də, vəziyyətin bu həddə çatmasını istəmirsə, Ukraynaya yardımı genişləndirməsi ilə Ukrayna qüvvələrinə öz şərtlərilə döyüş meydanında manevri bərpa etmək imkanı verməlidir.
Yox, bu baş verməsə, ruslar döyüş meydanında manevr qabiliyyətini genişləndirib cəbhə xətlərini, çox güman ki, statik olmaqdan çıxaracaqlar.
Ostin sətiraltı olaraq perspektiv üçün belə situasiyanın yarana biləcəyini qeyd edir və Avropanın təhlükəsizlik konfiqurasiyasının dağılacağını bildirir.
Ancaq vəziyyətin total şəkildə ABŞ-nin əleyhinə işlədiyini də demək olmaz. Yaxın Şərqdə strateji mövqeləri itirmək riski ilə üzləşən ABŞ üçün Avropa klassik bir məkan olaraq qalacaq.
Aqşin Kərimov