Ekspert: “İki dəfə eyni qaydanı pozan şəxs müvəqqəti olaraq sürücülük hüququndan məhrum edilsin” - FOTO

23
Noy
13:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son vaxtlar avtobus və mikroavtobus sürücüləri tərəfindən tez-tez yol-nəqliyyat hadisələrinin törədildiyinin şahidi oluruq. Cari ilin doqquz ayı ərzində respublika ərazisində avtobus və mikroavtobusların iştirakı ilə 1 806 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə avtobus sürücülərinin təqsiri ucbatından 17 nəfər həyatını itirib, 25 nəfər isə xəsarət alıb”.

Bu barədə məlumat Baş Dövlət Yol Polis İdarəsinin (BDYP) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciətində yer alır.

Müraciətdə qeyd olunub ki, avtobus və mikroavtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artmasına təsir göstərən əsas amil nəqliyyat vasitələrinin texniki təhlükəsizlik baxımından yararsız olmasıdır.

Bu məsələnin gündəmə gətirilməsi sual doğurur: texniki baxımından nasaz olan avtomobillər niyə xəttə buraxılır?

Mövzu ilə bağlı seher.media-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, baş verən qəzaların əsas səbəbi sürücülərin yol hərəkəti qaydalarını bilərəkdən pozmasıdır:

“Qəzaların baş vermə səbəbləri hər kəsə məlumdur. Sürücü məsuliyyətsizliyi ön plandadır. Sürücülər dönmə hərəkəti etdikdə dönmə işıqlarından istifadə etmirlər. Yollarda ötmə, dönmə, manevr qaydalarını pozurlar. Sonunda da yol-nəqliyyat hadisələri ilə üzləşirlər. Məsuliyyətsiz sürücülərə qarşı mübarizə gücləndirilməlidir”.

Ekspert təklif edib ki, iki dəfə eyni qaydanı pozan şəxs müvəqqəti olaraq sürücülük hüququndan məhrum edilsin:

“Şəxs iki dəfə eyni qayda pozuntusuna görə cərimə olunduqda müvafiq quruma dəvət olunmalıdır. Sürücülük hüququ müvəqqəti məhdudlaşdırılmalıdır ki, qəzaların sayının azalmasına nail ola bilək”.

E.Cəfərovun sözlərinə görə, ictimai nəqliyyata buraxılan avtobusların vəziyyəti ürəkaçan deyil:

“Biz bilirik ki, müasir sərnişindaşıma tələblərinə bir çox nəqliyyat vasitələri cavab vermir. Müvafiq tədbirlər görülməlidir. Qurumlar tərəfindən plan hazırlanmalıdır. Bununla, bəlkə, baş verən qəzaların sayını azalda bilərik. Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə Bakı şəhərinin müxtəlif küçələrində, xüsusən də qəza ocaqlarında sürət həddi azaldılıb. Çünki qəzaların əksəriyyətinin başlıca səbəbi sürət həddinin aşılmasıdır. Bununla bağlı tədbir görülüb”.

“Son illər nəzər yetirsək, görərik ki, əvvəlki illərə nisbətən avtoqəzaların sayında azalma var. Bununla yanaşı, qəzaların xarakteristikası da dəyişilib. Ölümlərin sayında da azalma var. Ümid edirik ki, vəziyyət daha da yaxşılaşar. Xüsusən ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülərlə iş gücləndirilməlidir”, - deyə E.Cəfərov əlavə edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov seher.media-ın sorğusuna cavab olaraq bildirib ki, sürücü heyətinin mütəmadi təlimatlandırılması barədə tapşırıqlar verilir:

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılara xəbərdarlıq olunaraq sürücülərin yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi və sürücü heyətinin mütəmadi təlimatlandırılması barədə tapşırıqlar verilir.

Həmçinin AYNA-nın nəzdində Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir ki, həmin mərkəzdə sürücülər peşə fəaliyyəti, davranış qaydaları üzrə nəzəri və praktiki təlimlərə cəlb olunurlar.

Müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar gündəlik reysqabağı texniki baxışdan keçirilir, sürücülər isə tibbi müayinəyə cəlb olunurlar”.

Nəzrin Vahid