Bərdədə döşəmənin çökməsi nəticəsində xəsarət alanların sayı 33-ə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

23
Noy
18:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib.

Bu barədə TƏBİB məlumat yayıb.

“Bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda bir nəfərin vəziyyəti ağır, beş nəfərin vəziyyəti isə stabil qiymətləndirilir”, - məlumatda qeyd edilib.

15:37

“Xəsarət alanlar arasında vəziyyəti ağır olan yoxdur, bir nəfər kənd sakini ölüb”

Bu barədə seher.media-a Bərdədə yas mərasimi keçirilən evin döşəməsinin çökməsi ilə əlaqədar danışarkən RİH başçısının Yeni Daşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Cahangirov məlumat verib.

İcra nümayəndəsi özünün də yas yerində olduğunu bildirib və hadisənin təfərrüatlarını danışıb:

“Ev sahibi Əliyar Əliş oğlu Əliyevin yas məclisinə yığışmışdıq. 65 yaşı var idi.

Evin yuxarı mərtəbəsində 30 nəfərə yaxın qadın əyləşmişdi. Say çox olduğundan, döşəmə çöküb. Evin birinci mərtəbəsi zirzəmi kimi istifadə edilir və hündürlüyü iki metrdən yüksəkdir. Aşağı mərtəbədə heç kim olmayıb. Bizdə olan məlumata görə, xəsarət alanların arasında vəziyyəti ciddi olan yoxdur. Sadəcə mərasimdə iştirak edən qadınların bir çoxu qorxudan huşunu itirib, bəziləri isə xəstəxanaya yerləşdiriliblər.

Yas mərasimində iştirak edənlərin hamısı kənd sakinləridir”.

İcra nümayəndəsi evin köhnə tikili olmadığını da vurğulayıb:

“Ev yeni tikilib, köhnə deyil. Sadəcə döşəmənin yükü çox olub, ona görə çöküb. Ev sakinləri xəsarət almayıblar”. 

15:29

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Məlumatda qeyd edilib ki, bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan iki nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

15:15

Bərdədə yas mərasimi zamanı evin döşəməsinin çökməsi ilə əlaqədar araşdırma aparılır.

Bununla bağlı seher.media-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Yeni Daşkənd kəndində yas mərasimi zamanı döşəmənin çökməsi nəticəsində 23 nəfər yaralanıb, bir nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar Bərdə Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

14:31

Bərdədə yas mərasimində yaralanan 23 nəfər xəstəxanaya yerləşdirilib.

Bununla bağlı seher.media-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

Bir nəfərdə xəstəxanaya qədər ölüm halı qeydə alınıb. Məlumata görə ölən şəxsin 1958-ci il təvəllüdlü Sarıtel Abbasəli qızı Məmmədova olduğu bildirilir. Digər şəxslərin isə ümumi müayinələri davam etdirilir.

Əlavə məlumat veriləcək.

14:21

Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.

Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb.

Hadisə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.

Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan birinin xəstəxanada öldüyü bildirilir.

Məlumata görə, yas mərasimi olan ev köhnə tikilidir, evin döşəməsi ağırlığa tab gətirməyərək çöküb.

14:04

Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.

Aysel Aslan