İrlandiyanın paytaxtı Dublin şəhərində insanlara bıçaqla hücum edən şəxsin qarşısını Braziliyadan olan kuryer alıb.
O qeyd edib ki, hadisə anidən baş verib.
“Bu, sırf instinktiv hərəkət idi və bir neçə saniyədən sonra hər şey bitdi. O, yerə yıxıldı, bıçağın haraya düşdüyünü görmədim, sonra isə digər insanların hadisəyə müdaxilə etdiyini gördüm” - deyə Braziliyadan olan miqrant vurğulayıb.
Qeyd edək ki, İrlandiyanın paytaxtı Dublin şəhərinin mərkəzində bir nəfər bıçaqla insanlara hücum edib. O, əlindəki bıçaqla beş nəfərə xəsarət yetirib. Xəsarət alanlardan üçü uşaq olub.
Həkimlər xəstəxanaya çatdırılan beş yaşlı qızın, 30 yaşlı qadının və ortayaşlı bir kişinin vəziyyətinin ağır olduğunu bildiriblər. Digər iki nəfərin səhhətində ciddi problem olmayıb.
Hücum edən şəxs artıq saxlanılıb. Polislər bildiriblər ki, hücumu həyata keçirən 50 yaşlı kişidir. İnsidentdən dərhal sonra sosial şəbəkələrdə yayılan məlumatda vurğulanıb ki, hücumu həyata keçirən əlcəzairəsilli kişidir. Bu məlumatdan bir neçə saat sonra bir qrup şəxs hücumun baş verdiyi meydanın yaxınlığında toplaşmağa başlayıb. Nəticədə polislə nümayişçilər arasında toqquşma olub. Nümayişçilər miqrantlar əleyhinə şüarlar səsləndiriblər.
Mənbə: RTE
00:08
İrlandiyanın paytaxtı Dublində şəhərin mərkəzində bir adamın bıçaqla hücum etməsi nəticəsində azı üç uşaq yaralanıb və xəstəxanaya çatdırılıb.
Bu barədə İrlandiyanın teleradioyayım şirkəti (RTÉ) məlumat yayıb.
Verilən məlumata görə, bir qadın və yaşı açıqlanmayan bir qız ağır xəsarət alıb. Daha iki uşaq yüngül xəsarət alıb.
Beşinci zərərçəkmiş isə hücumu həyata keçirən şəxsdir. O da həmçinin yerli xəstəxanaya çatdırılıb.
Hal-hazırda ətraflı məlumat yoxdur, lakin polis indiki mərhələdə terror aktı versiyasını nəzərdən keçirmir və hesab edir ki, söhbət ayrıca insidentdən gedir.
Qeyd olunur ki, kişi əvvəlcə uşaqlı qadına, sonra isə daha iki uşağa hücum edib. Hazırda hadisənin baş verdiyi şəhərin mərkəzi hissəsi bağlanıb, əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Mənbə: TASS