Bölgələrdə hələ də həkim çatışmazlığı var.
İsmayıllı sakinləri bildirirlər ki, həm rayon mərkəzində, həm də kəndlərdəki tibb məntəqələrində ixtisaslı həkimlər çatışmır. Topçu kəndində olduğu kimi, bəzi məntəqələrdə, hətta lazımi avadanlıqlar var. Tapılmayan isə onları idarə edəcək mütəxəssislərdir. Bu səbəbdən də çox vaxt pasiyentlər ətraf rayonlardakı xəstəxanalara göndərilirlər.
Ağstafada da sakinlər eyni problemdən əziyyət çəkirlər. Ona görə də, xəstələnəndə qonşu rayonlara üz tuturlar.
46 000 əhalisi olan Oğuz rayonunda da həkim çatışmazlığı yaşanır. Xüsusilə burada daha çox travmatoloq ixtisası üzrə mütəxəssislərə ehtiyac var.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, regionlarda kadrlara olan tələbat diqqət mərkəzindədir. Belə ki, nazirlik ildə iki dəfə rezidentura təhsilini müvəffəqiyyətlə bitirən həkim mütəxəssislərin vakansiyalar üzrə təyinatını həyata keçirir. Qanunvericiliyə uyğun olaraq, onlar göndərişlə işə qəbul olunduqları tarixdən etibarən üç il müddətində həmin tibb müəssisələrində çalışmalıdırlar. Son üç ildə rezidenturanı bitirmiş 249 həkim mütəxəssis təyinatla bölgələrdəki tibb müəssisələrinə göndərilib. Bundan başqa, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həkimlərin işə qəbulu müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.