Noyabrın 24-də Yaponiyada ilk “SpoGomi” Dünya Zibil Toplama Çempionatı keçirilib. Burada dünyanın hər yerindən 21 komanda iştirak edib.
“SpoGomi” adı “idman” abbreviaturasının yaponca zibil – “qomi” sözü ilə birləşməsindən yaranıb. Müsabiqə təşəbbüsü isə ekoloji problemlər, xüsusən də okeanlardakı plastik çirklənmə barədə məlumatlılığın artırılmasına yönəlib.
Bütün komandalar zibilləri sürətlə yığıb çeşidləyərək qələbə üçün qızğın mübarizə aparıblar. Lakin bu dəfə “ən təmiz” komanda Böyük Britaniyanın “North Rise Again” komandası olub, 57,27 kiloqram zibil yığaraq 9046,1 xal qazanıb. İngilislərin ən yaxın təqibçiləri Yaponiya komandası olub.
“Bir çox başqa komandalar bəlkə də daha ekoloji və daha az idmana meylli idilər və biz yəqin ki, əksinə idik. Lakin biz okeanlarımızı təmizləmək və tullantıların miqdarını azaltmaq üçün çox şey öyrəndik”, - deyə çempion komandanın kapitanı Sara Perri bildirb.
Müsabiqənin təşkilatçılarından biri Mitsuyuki Unno bu tədbir üçün iki məqsəd müəyyən edib: birincisi, dəniz tullantıları problemindən hələ xəbəri olmayan insanları okeandakı zibillə bağlı vəziyyətdən xəbərdar etmək, İkincisi isə, bu problemdən xəbərdar olan və hərəkətə keçmək istəyən insanlara imkan yaratmaq.
Qeyd edək ki, ikinci dünya çempionatının 2025-ci ildə keçirilməsi planlaşdırılır.
Mənbə: sportmk.ru