Azərbaycan hökuməti “həyatın mənbəyi” ilə bağlı SOS siqnalı verir - ŞƏRH

25
Noy
17:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan iqlim dəyişikliyinə, digər qlobal çağırışlara qarşı həssaslıq və dayanıqlılıq səviyyəsi indeksində 185 ölkə arasında 65-ci yeri tutur.

Notr Dam Qlobal Adaptasiya Təşəbbüsünün son qiymətləndirməsində Azərbaycanın yeri həmin mövqedə göstərilib. Bu, yaxşı göstəricidir.

Lakin Azərbaycan hökuməti tərəfindən hazırlanan 2024-cü il üçün dövlət büdcə və icmal layihələrinin təqdimatında bildirilir ki, ölkə iqlim dəyişikliyinin təsirlərinə yüksək dərəcədə həssas ölkələrdən biridir.

Müxtəlif qiymətləndirmələrin nəticələri göstərir ki, kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, sahilyanı ərazilər Azərbaycanda iqlim dəyişikliyinə ən həssas sektorlar hesab olunur. Belə ki, yüksək temperatur və qeyri-sabit yağıntılar əhalinin sağlamlığı üçün təhlükə törətməkdən əlavə, iqtisadi inkişafın zəifləməsinə gətirib çıxara bilir.

Gələn ilin büdcəsinin layihələrində qeyd olunur ki, Azərbaycanda su ehtiyatlarının həm mövsümi, həm də məkan baxımından qeyri-bərabər paylanması səbəbilə su təchizatında bir sıra problemlər yaranıb.

Azərbaycan Respublikasında adambaşına düşən məcmu su ehtiyatları nisbətən aşağıdır və su təchizatının 70-75%-i Azərbaycan hüdudlarından kənarda yaranan mənbələrdən qaynaqlanır.

Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb.

Bu barədə “Azərsu” ASC-nin məlumatında bildirilir.

Qeyd olunur ki, hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır.

BMT-nin son proqnozlarına əsasən, 2050-ci ilə qədər iqlim dəyişikliyi səbəbindən Azərbaycanda su təchizatı 23 faiz azalacaq.

Eyni zamanda, Azərbaycan Respublikasının 2040-cı ilə qədər quraqlıqla üzləşəcək ölkələrin siyahısında ilk 20-likdə yer alacağı proqnozlaşdırılır.

Sözügedən hesabata əsasən, optimist ssenari üzrə Azərbaycanın su ehtiyatlarının miqdarı (transsərhəd su ehtiyatları ilə birlikdə) 2040-cı ildə 5-10%, 2070-ci ildə isə 10-15% və pessimist ssenari üzrə cari dəyərlərlə müqayisədə 2040-cı ildə 10-15%, 2070-ci ildə isə 15-25% azalacaq.

Amma problem təkcə bir regionu əhatə etmir. Ümumiyyətlə, dünyada milyardlarla insan sağlam həyat üçün əsas elementlərdən biri olan təmiz suya adekvat çıxış əldə edə bilmir.

Qlobal istiləşmə və əhalinin artması səbəbindən problemin daha da pisləşəcəyi ehtimal olunur.

Ümumiyyətlə, su qıtlığı o zaman baş verir ki, icmalar su ehtiyaclarını ödəyə bilməkdə çətinlik çəkirlər. Buna iki amil təsir göstərir: Ya təchizat zəifdir, ya da infrastruktur qeyri-kafidir.

Deməli, problemin təbii mənşələri ilə yanaşı, idarəetmə ilə əlaqəli olan hissələri də mənbə kimi çıxış edir.

Buradan çıxış etsək, deyə bilərik ki, Azərbaycan hökumətinin qarşısında mövcud infrastrukturu təkmilləşdirmək, təchizatı gücləndirmək və infrastrukturu ən üst səviyyəyə çatdırmaq kimi çağırışlar dayanır.

Mövcud problemlərin həlli sürətlənməsə, gələcəkdə daha böyük fəsadlar yaranar və Azərbaycan da su stresi ilə üzləşə bilər.

Su stresi o zaman yaranır ki, müəyyən bir ərazidə təhlükəsiz, istifadə edilən bilən suya tələbat öz normasını aşır.

Bildirək ki, dünya şirin suyunun əksəriyyəti, təqribən 70 faizi kənd təsərrüfatı üçün istifadə olunur. Qalan hissəsi isə içməli su daxil olmaqla sənaye (19 faiz) və məişət (11 faiz) arasında bölünür.

Yarana biləcək su qıtlığının təbii mənşəli aspektləri bu statistikada aydın görünür. Lakin Azərbaycanın müvafiq qurumları su qıtlığının fiziki qıtlıq, yerli ekoloji şəraitə görə su çatışmazlığı səviyyəsinə çatmaması üçün xeyli işlər görməlidir. Yoxsa qeyri-adekvat su infrastrukturu kənd təsərrüfatı sahəsinə, məhsuldarlığa zərbə vura və nəhayətdə iqtisadi problemlərə yol aça bilər.

Aqşin Kərimov