Bir ərazi, üç rayon - “Kaspi”nin ARAŞDIRMASI + FOTO

26
Noy
13:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədlərinin müəyyənləşdirilməsi haqqında qanunun qüvvəyə minməsi ilə çoxdandır mövcud olan problemin həlli istiqamətində ilk addım atılıb. Bu gün Bakının Sabunçu, Suraxanı, Xəzər, Qaradağ rayonlarında da analoji problem həllini gözləyir. 

Bir neçə gün əvvəl Prezident İlham Əliyev “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanunu təsdiqləyib. Qanunla Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə veriləcək. Bəs bu qanunun qüvvəyə minməsindən sonra ərazidə yaşayan əhalini hansı dəyişikliklər gözləyir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqaləsində bu və digər suallara cavab axtarıb.

Xidmət sahələri Sumqayıtla bağlı olacaq

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun qüvvəyə minməmişdən əvvəl də qeyd olunan ərazilərdə yaşayan əhalinin sosial təminatı, kommunal və digər xidmətləri Sumqayıt şəhərində fəaliyyət göstərən müvafiq dövlət idarələri tərəfindən həyata keçirilib: “Lakin bu ərazilər Binəqədi və Abşeron ərazisinə aid idi. Qanun layihəsinin qəbulundan sonra bu ərazilər artıq rəsmən Sumqayıta aiddir. Eyni zamanda, xidmət sahələri də əvvəlki kimi Sumqayıtla bağlı olacaq”.

Sumqayıtda evlərin sənədləşdirilməsində problem yoxdur

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib ki, Binəqədi və Abşeron rayonlarından hektarlarla ərazilərin Sumqayıt şəhərinə verilməsinin müəyyən əsasları var: “Sumqayıtın iqtisadi şəhər kimi bərpa edilməsi planları mövcuddur və bu istiqamətdə ciddi addımlar atılır. Həmin ərazilərdə yaşayan insanlar üçün xüsusi dəyişikliklər gözlənilmir. Oradakı məktəblər, poliklinikalar yenə də fəaliyyət göstərəcəklər. Həmin ərazidə formalaşan bələdiyyələrdə də heç bir dəyişiklik olmayacaq. Çünki Abşeron və  Binəqədi rayonları ərazisində torpaqların oradakı bələdiyyələrə verilmə prosesi başa çatmayıb. 20 ildən artıqdır ki, bu proses davam edir və nə zaman bitəcəyi bilinmir. Bunun üçün ciddi bir problem olmayacaq. Orada əhalinin məskunlaşması məsələsi varsa, güman edirəm ki, proseslərdən sonra mənzillərin, fərdi evlərin çıxarış məsələsi sürətlənəcək. Çünki Sumqayıt şəhərində sənədsiz mənzillərə sahib əhalinin evlərinin sənədləşdirilməsində problem yoxdur. Ona görə ki, orada bələdiyyələrin mülkiyyətinə torpaq verilib. Binəqədi ərazisində isə bu qeyri-mümkün idi. Bakı ərazisində bələdiyyələrin mülkiyyətinə bir santimetrdə olsa torpaq verilməyib”.

Bir ərazi, üç rayon

Ekspert vurğulayıb ki, mərkəzi icra orqanları regional idarəetməyə keçid etdiyindən hər hansı bir problemin olması gözlənilmir: “Sumqayıta verilən ərazilərdə yaşayan əhali üçün heç bir dəyişiklik olmayacaq. Arzu edərdim ki, gələcəkdə bu cür qarışıqlıq olan ərazilərin məsələsi də öz həllini tapsın. Bu gün Bakının Sabunçu, Suraxanı, Xəzər, Binəqədi və Qaradağ rayonlarının inzibati əraziləri dolaşıqdır. Təsəvvür edin ki, Binə qəsəbəsində 155 mindən çox əhali yaşayır. Bu ərazilərdə yaşayan sakinlər - Xəzər, Suraxanı və ya Abşeron rayonuna müraciət etmək üzrə bölünür. Yəni əhali bir ərazidə yaşayır, amma üç rayon baxır. Yaxud, bir qəsəbənin üç rayona tabeliyi var. Vaxtilə ciddi problem yaradan məmurların sayəsində bu rayonlarda sərhədin müəyyənləşdirilməsi mümkün olmayıb. İnzibati ərazilərdəki sərhəd bölgüsünün dəqiqləşdirilməsi, ərazilərdəki sənədsiz mənzillərin sənədləşdirilməsi prosesi başa çatdırılmalıdır. Bu baxımdan, Sumqayıtla bağlı son addım müsbət haldır”.

Məqsəd Sumqayıtın sosial-iqtisadi inkişafıdır

Milli Məclisin deputatı Kamran Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı qanunun əsas məqsədi Sumqayıtın sosial-iqtisadi inkişafının təmin edilməsidir:

“Eyni zamanda, orada yaşayan vətəndaşların rifahının yaxşılaşdırılması, yaşadıqları ərazinin abadlaşdırılması da bu məqsədlərə daxildir. Sumqayıt böyük şəhərdir. Təbii ki, orada yaşayan insanların şəhər sakinləri kimi statusu olacaq. Bu, müvafiq layihələrin həyata keçirilməsi üçün əlverişlidir. Bildiyiniz kimi, son zamanlar ölkədə böyük infrastruktur layihələri həyata keçirilir. Sumqayıtda da islahatlar, quruculuq işləri aparılıb. Bu yaxınlarda dövlət başçısı da orada açılışlara qatıldı. Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsi yaxşı təcrübədir və ərazisinin genişlənməsi oranın iqtisadi inkişafına xidmət edəcək”.