Batabatın heyranedici payız mənzərəsindən fotoreportaj hazırlanıb.
Dillər əzbəri olan Batabat yaylağı Şahbuz rayonunun ərazisində, Kiçik Qafqaz dağlarında yerləşir. Burada, əsasən, dağ, göl və dağ-çəmən landşaftı inkişaf edib.
Batabat yaylağını dəniz səviyyəsindən, təqribən, 3 100-3 200 metr hündürlüyü olan “Qonaqgörməz”, “Səbətkeçməz”, “Təkəli”, “Əyriqar”, “Çaldağ” adı ilə tanınan dağlar əhatə edir.
Təbiətin gözəl guşələrindən biri olan Batabat yaylağı, saf və təmiz dağ havası, meşələri, Zorbulaq, Durnalıbulaq, Uzunbulaq kimi şirin suları və “Narzan” tipli Batabat mineral suları ilə məşhurdur. Batabat yaylağının təbiəti, onun saf havası ağciyər, ürək, əsəb və bir sıra xəstəliklər üçün çox faydalıdır.
Batabat gölünün mənzərəsini, “Üzən ada”nı seyr etmək isə insana başqa bir zövq verir. Ada tamamilə torf və otdan ibarətdir və gölün dibinə qoşulmur, buna görə də yavaş-yavaş hərəkət edir. Adanın hərəkəti isə küləyə bağlıdır. Külək hansı istiqamətə əssə, ada o tərəfə doğru hərəkət edir. Rəvayətə görə, bir dəfə xoşagəlməz bir hadisə baş vermişdi. Gənclər yığılıb adada istirahət edirmişlər. Başları qarışıq olub, külək adanı sahildən uzaqlaşdırıb, qalıb donurlarmış. Sonra səhərə yaxın külək adanı yenidən hərəkətə gətirib və onlar geri qayıda biliblər. Həmin vaxtdan daha adaya getməyə icazə verilmir. Səbəb isə təhlükəsizliyin hər şeydən önəmli olmasıdır.
Bitkilərin növ müxtəlifliyinə görə Batabat Afrika qitəsində yerləşən məşhur Atlas dağlarından sonra ikinci yerdədir. Bunun da bir neçə səbəbi var: təbii iqlim şəraitinin rəngarəngliyi, yüksəklik qurşağının mövcudluğu və landşaftın mürəkkəbliyi. Digər tərəfdən, Batabat ərazisinin yerləşdiyi Naxçıvan Muxtar Respublikası üç geobotanik vilayətin sərhədində yerləşir. Ərazi bu vilayətlərin müxtəlif növ bitkilərini özündə cəmləşdirir. Yəni burada həm Qafqaz, həm Kiçik Asiya, həm də ön Asiyanın bitki növlərini görə bilərik. Ərazi Zəngəzur və Dərələyəz sıra dağlarının təmas xəttində yerləşir. Zaman-zaman baş verən tektonik hərəkətlər relyefi mürəkkəbləşdirir, bu da eyni zamanda təbiətin rəngarəngliyini artırır.
“Report”un hazırladığı reportajı təqdim edirik: