Noyabrın 27-də ABŞ səfirliyi Bakıda bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüş planlaşdırırdı.
Buna cavab olaraq Azərbaycanda bu görüşə qarşı müzakirələr və media kampaniyası başlayıb.
Görüşdə ABŞ-nin Azərbaycandakı “casusları”nın iştirak edəcəyi iddia olunurdu.
ABŞ-də təhsil almış azərbaycanlı tələbələrdən biri seher.media-a məsələ ilə bağlı fikirlərini bölüşüb.
“Gəlin, emosiyaları qırağa qoyub qədim yunanlar kimi məntiq zəncirini quraq.
1-ci sual: ABŞ Azərbaycana qarşıdırmı, bizə qarşı addımlar atırmı? Mənim cavabım “hə”dir, çünki faktlara əsaslanır. 907-dən tutmuş BMT-dəki dinləmələrə, bizə qarşı media kampaniyalarına, ABŞ səfirliyinin azad olunmuş ərazilərimizə münasibətinə və s. kimi.
2-ci sual: ABŞ bizə qarşı müxtəlif resurslardan istifadə edirmi? Mənim cavabım yenə də “hə”dir, çünki yenə də faktlar bunu göstərir. Bizi sanksiyalarla hədələyirlər, bizə qarşı bəyanatlar verirlər və s.
3-cü sual: ABŞ-də təhsil almışlar, yəni bizim kimilər ABŞ-nin resursudurmu? Mənim cavabım yenə “hə”dir, çünki ən azından biz, yəni orada oxumuşlar ABŞ-yə qarşı minnətdarlıq hissləri keçiririk. Təhsil almışıq, bilik-bacarığımızı artırmışıq, həyat və karyeramızı qurmuşuq və s.
4-cü sual: Belə bir görüşün mahiyyəti nədir? Əksəriyyətimizin başı öz işimizə-gücümüzə qarışdığından biz belə yığıncağı yalnız “social event” sayırıq, bir növ yığışıb köhnə tanışları görmək və s. Amma onun mahiyyəti bununla bitmir. Belə görüş təşkil eləməklə ABŞ öz gücünü göstərir, yəni bizə “meymun” dediyi bəs deyil, hələ bizim ərazimizdə güc də göstərir, istədiyini eləyir.
Belə şəraitdə nə edilməlidir? Mənim cavabım: qarşısı alınmalıdır. ABŞ kimi superdövlətlə belə rəftar etmək uyğun deyil. Ona görə daha yumşaq şəkildə edilməlidir. Bu, həm də ABŞ-də oxumaqlarına, karyera qurub yüksək mərtəbələrə qalxdıqlarına baxmayaraq, məzunların Azərbaycanın maraqlarını hər şeydən üstün tutduğunun göstəricisidir. Həm dövlət, həm məzunlar ABŞ-yə göstərir ki, sən superdövlət olsan da, bizim ərazimizdə söz sahibi bizik. Hakimiyyət çox düzgün edir. Amma nə eləsin ki, əksəriyyətimizin başı öz konkret işlərimizə qarışdığından indi qurduğumuz məntiq zəncirini qurmağa vaxtımız olmur.
İllərdir belə görüşlərə adi sosial tədbir kimi baxanların fikrini bir neçə gün ərzində dəyişmək asan deyildi.
Uzun müddət biz ABŞ-yə sırf ədalətli demokratik dövlət kimi baxmışıq. Yığılan faktlar bunun əksini göstərsə də, buna inanmaq istəməmişik, çünki ideal axtarmaq bir növ insan təbiətindədir. Biz isə ABŞ-ni içəridən gördüyümüz üçün heç cür inanmaq istəmirdik ki, ABŞ içəridə bir cür, bayırda başqa cür davrana bilər. Təəssüf ki, faktlar bunun əksini göstərdi. İçəridə demokratik dövlət olsa da, bayırda ABŞ artıq adi imperialist dövlət kimi davranır. Yaxın Şərqi dağıtdı, viran qoydu, Trumenin məsləhətinə əsasən, “özününkü” saydığı əclafları dəstəkləyir, özününkü saymadığı bir çox digər demokratik dövlətlər üçün nümunə olacaq Türkiyənin demokratiyasını görmək istəmir. ABŞ-nin hərəkətləri get-gedə Böyük Britaniyanın, Çar Rusiyasının davranışını xatırladır. Bunu uzun müddət görmək istəmirdik, amma nə etməli, faktlar bunu göstərir.
ABŞ-ni, bir superdövlət kimi, ilk növbədə, dünyada indiki hegemonluğunu qoruyub saxlamaq maraqlandırır. Onun hegemonluğuna problem yarada biləcək hər-hansı bir prosesin qarşısını almağa çalışır. ABŞ bütün dünyada gedən prosesləri nəzarətdə saxlamaq istəyir. Onun nəzarətində olmayacaq hər hansı proses və ya koalisiyanı dağıtmağa çalışır və çalışacaq”.
ABŞ-də təhsil almış azərbaycanlı bildirib ki, hazırda ABŞ-ni ən çox narahat edən proseslərdən biri də Türk Dövlətləri Birliyi və onun ətrafında Macarıstan, Gürcüstan və s. daxil olmaqla yarana biləcək geniş koalisiyadır:
“Bu prosesdə öz coğrafiyasına görə Azərbaycan açar dövlətdir. Ona görə ABŞ Azərbaycana qarşıdır. Erməni lobbisi çox xırda amildir. ABŞ-də erməni lobbisi elə də güclü deyil ki, ABŞ-nin siyasətini təyin etsin, qətiyyən. Amma uzun müddət ABŞ-nin bizə qarşı siyasətini onunla əsaslandırırdılar. İndi isə aydın olur ki, əsas elə ABŞ-nin özünün bizə qarşı geosiyası baxışıdır. Bu müvəqqəti deyil, uzun sürən proses olacaq. Bizi çətin dövr gözləyir. Gərək duruş gətirək. Bunun əksi Ermənistan kimi marionet dövlətə çevrilmək və Türk Birliyinin güclənməsinə “əlvida” deməkdir.
Mən öz məntiq zəncirimi qurdum. Əgər razı deyilsizsə, öz məntiq zəncirinizi qurun və bölüşün”.
Müsahibimiz qeyd edib ki, əgər görüş baş tutsaydı, ora gedənlərin əksəriyyəti heç də “agent” olmayacaqdılar:
“Amma yuxarıda göstərdiyimiz kimi, bəlkə də, digər sahələrdə - iqtisadiyyat, texnologiya, idarəetmə və s. böyük nailiyyətləri olsa da, siyasi bilik və uzaqgörənlikləri olmadığı üçün görüşə getməklə, belələri ABŞ-nin bizə qarşı işləyən dəyirmanına su tökənlərdən olacaq, bir növ “alət” rolunu oynayacaqdılar. Azərbaycan isə bu “alətlərə” qarşı ölçü götürmək məcburiyyətində qalacaqdı. Bəlkə, heç bunu istəməsə də. Görünən zaman kəsiyində ABŞ-nin Azərbaycana qarşı münasibəti mənfi olacaqdır. Buna görə hər-hansı addım atarkən bunun ölkəyə təsirini düzgün qiymətləndirməliyik.
Görüşün ABŞ Səfirliyi tərəfindən “təxirə salınması” kiçik də olsa, Azərbaycanın qələbəsidir. Böyük qələbələr kiçik uğurlardan başlayır. Robert Kennedi 1966-cı ildə Cənubi Afrikada etdiyi öz məhşur “The tiny ripple of hope” nitqində dediyi kimi belə kiçik ləpələr bir yerə yığışaraq böyük imperiyaları dağıdacaq güclü dalğalar yaradırlar”.