Ölkə ərazisində bir neçə gündür ki, payızın sonuna və qışın əvvəlinə xas olmayan hava şəraitinin şahidi oluruq. Belə ki, cənub-şərq küləklərinin əsməsi nəticəsində ölkə ərazisində mülayim-isti hava şəraiti davam edir. Amma bu gündən etibarən ölkə ərazisində, həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntıların artacağı gözlənilir.
Mövcud vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov seher.media-a bildirib ki, noyabrın 27-si gündüzdən 28-i səhərə qədər şimal qərb küləyinin əsəcəyi, arabir 25-30, yarımadanın bəzi yerlərində 32-35 metr saniyəyədək güclənməsi gözlənilir.
“Noyabrın 27-si axşamdan 28-i səhərə qədər arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv yağışlar, şimşək çaxacağı gözlənilir. Noyabrın 27-si axşamdan havanın temperaturu ötən günlərə nisbətən kəskin - 10 dərəcə enəcək. Noyabrın 28-i gündüz saatlarında havanın temperaturu 10-12 dərəcə isti olacaq. Qeyri-sabit hava şəraiti bölgələrdə də davam edəcək”.
Xidmət rəisinin sözlərinə görə, noyabrın 27-si şimal və qərb rayonlarından başlayaraq 28-i axşama qədər ölkə ərazisində havanın kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
“Həmçinin bölgələrdə qərb küləyi əsəcək, küləyin sürəti 20-25 m/s, ayrı-ayrı yerlərdə 33-38 m/s qədər güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə enəcək. Aran rayonlarda gecə 3-7 dərəcə, gündüz 11-15 dərəcə, dağlıq rayonlarında 4-9 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcə istiyə qədər dəyişəcək”.