“Məktəbdə qonaq olmaq çox xoşdur. Bu gün mən keçmişə qayıtdım, uşaqlığım yadıma düşdü...”
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balaş Qasımov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Kaspi” qəzeti ilə birgə həyata keçirdiyi “Məktəbdə” layihəsində qonaq olarkən sevincini bu sözlərlə ifadə etdi.
Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə reallaşan görüş vaxtilə bu təhsil ocağında təhsil alan İTV rəhbərinə xeyli nostalji hisslər yaşatdı. Məktəb binasına daxil olarkən öncə partası arxasında oturduğu ilk sinif otağına baş çəkdi.
Zalda gəlişini gözləyən məktəblilərin alqışlarına minnətdarlıq edərək: “Mən burada müəllim deyiləm. İctimai Televiziyada mənə “Balakişi müəllim” demirlər, mənə sadəcə “Balaş” deyə müraciət edə bilərsiniz...” - deyə auditoriya ilə səmimi ortam yaratmağa çalışdı.
B.Qasımov görüşə uşaqlıq xatirələrini vərəqləməklə başladı: “1985-ci ildə valideynlərim məni 1-ci sinfə gətirəndə çox sevincli idim. Hava soyuq olsa da günəşli gün kimi yadımda qalıb. İlk müəllimim Valentina Aleksandrovnanı xatırladım. Məktəbin geniş pilləkənləri vardı. Biz oxuyanda yalnız rus məktəbi idi, indi Azərbaycan bölməsi də var. O vaxt Konservatoriyadan gəlib uşaq xorunda oxumaq üçün şagirdlər seçirdilər. “Mənim vətənim” mahnısını oxumaq lazım idi. Amma məni seçmədilər... Hazırda sinif yoldaşlarımın əksəriyyəti xaricdədir. Bakıda olanlarla daim əlaqə saxlayıram”.
İTV rəhbəri 8-ci sinifdən imtahan verib Texniki-Humanitar Liseyə daxil olduğunu, amma bu məktəblə heç vaxt əlaqələrini kəsmədiyini dedi: “Liseydə fəxri direktorumuz görkəmli alim Azad Mirzəcanzadə idi. O məktəbdə oxuyanda da doğma məktəbə tez-tez gəlirdim. Biz fərqli zamanda böyüyürdük. Bunun da fikir və düşüncələrimizə, şəxsiyyət kimi formalaşmağımıza müəyyən təsiri vardı. İqtisadi və siyasi vəziyyət çox fərqli idi. Nə əl telefonu, nə internet vardı. Hamı televizora baxırdı. O zaman televiziya rəhbəri olmaq daha maraqlı idi, çünki səndən çox şey asılı idi. İndi isə tamaşaçını televiziyaya cəlb etmək üçün çox əziyyət çəkməli olursan”.
Qonaq məşhur intellektual oyunlar olan “Nə? Harada? Nə zaman?” və “Breyn-rinq”ə həvəsinin yaranmasından da danışdı: “Liseydə oxuyanda intellektual yarışları həyata keçirən “Atəşgah” klubuna üzv olduq. Yarım ilə yaxın bir dövrdə bizim komanda 15 sualdan birinə cavab verəndə çox sevinirdik. Ən son yerlərdən birində idik. Amma həmişə içimizdə istək vardı, mübariz idik. İnanırdıq ki, nə vaxtsa əziyyətimiz hansısa bir uğura çevriləcək. Elə də oldu... Bir ildən sonra biz artıq məktəblilər arasında Azərbaycan çempionu olduq. Sonra keçmiş sovet ölkələri arasında Rusiyada keçirilən televiziya çempionatında qalib gəldik. Dəfələrlə “Breyn-rinq”in qalibi olmuşuq. O vaxt bu, çox önəmli idi. Çünki ölkəmiz haqqında ittifaq ölkələrində, xüsusən də Rusiya cəmiyyətində müsbət fikirlər formalaşmırdı. O vaxt Azərbaycandan Rusiyaya və digər ölkələrə iş dalınca gedənlər əsasən bazarlarda işləyirdilər. Ona görə azərbaycanlıların obrazını bazarda “göy satan” kimi təqdim etməyə, Ermənistanla münaqişədə ermənilərin tərəfini tutmağa çalışırdılar. Hansısa məsələlər şişirdilirdi. Bizə xoş idi ki, məktəbli, daha sonra tələbə kimi intellektual yarışlarla hansısa stereotipləri sındıra bilirdik. Yarışlardan sonra bizə yaxınlaşıb “sizi belə bilmirdik” deyə etiraf edirdilər. Biz dəfələrlə qalib gəldik, “Cənubi Qafqaz çempionu” olduq. Ən çox çempionluq Azərbaycan komandalarına məxsus idi. Bu günə qədər də elədir. 90-cı illərdə Rusiya və Ukraynada “Nə? Harada? Nə zaman?” və “Breyn-rinq” oyunlarının ənənə və məktəbi folmalaşmışdı. Bu məktəb artıq Azərbaycanda da vardı. Ona görə Moskvada “Nə? Harada? Nə zaman?” verilişində Azərbaycandan bir-iki nəfər yox, çox nümayəndə iştirak edib: Mikayıl Cabbarov, Rövşən Əsgərov, Anar Quliyev, Adnan Axundov, mən və başqaları yarışaraq qalib olmuşuq. Azərbaycanı böyük qürur hissi ilə təmsil etmişik və müəyyən uğurlar da qazanmışıq. Rusiya-Ukrayna müharibəsindən sonra müəyyən fasilə verməyə qərar verdik.
Amma yenə də bu gün Azərbaycanda həmin intellektual verilişlər var. Siz bu verilişləri İTV-nin efirindən izləyə bilərsiniz. O vaxt belə verilişlərdə iştirak etmək üçün mütləq xaricə getmək lazım idi. Bu gün isə ölkəmizdə həmin verilişlərdə iştirak etmək üçün imkanlar yaradılıb. 2005-ci ildə GameTV.az prodüser mərkəzini yaradıb bu verilişləri Azərbaycanda istehsal etməyə başladıq. Uzun müddətdir ki, 10-a yaxın lisenziyalı beynəlxalq layihəni icra edirik. “Breyn-rinq”, “Nə? Harada? Nə zaman?” oyunlarının televiziya versiyası üçün lisenziya əldə etdik. Həmçinin “Əlaçı” verilişi üçün də lisenziya əldə etmişik. Efirimizdə “Milyonçu” verilişi var. Uzun müddət başa düşə bilmirdim ki, bu verilişə necə baxmaq olar? Bu verilişə 2000-ci ilin əvvəllərində baxırdıq, insan yorulmalıdır. Sonra formulasını başa düşdüm: bizdə pul udmağı və ona baxmağı çox sevirlər. Dekabrın sonundan dünyada məşhur TV şousu “Maska” verilişi bazar günləri efirimizdə olacaq. Çalışırıq ki, xəbərlərimiz gündəmi və reallığı əks etdirsin. Çünki bu gün peykdə, kabel televiziyasında 100-lərlə kanal var. Əgər bu gün izləyicimiz 1000-1200 nəfərdən yüksələrək bir milyonu keçirsə, demək hörmət və etimad qazanmışıq. İki il əvvəl “Əqrəb mövsümü” adlı maraqlı serial çəkmişdik. Bir həftədən sonra ikinci mövsümün çəkilişləri başlayır. Baxmamısınızsa, serialı “YouTube”dan izləyə bilərsiniz.
B.Qasımov 2018-ci ildə İTV-də Baş direktor olduqdan sonra komandası ilə müasir televiziya yaratmaq uğrunda çalışdığını bildirdi: “Problem ondandır ki, bu gün televiziya anlamı dəyişib. Sizin aranızda gündə yarım saat televizora baxan çətin tapılar. Bizim vaxtımızda informasiyanı əldə etmək üçün evə gəlməli idin. İnsanlar həyat tərzlərini və planlarını televiziyaya görə qururdular. Elə filmlər və seriallar var idi ki, onların nümayişi zamanı küçələrdə adam olmurdu, hamı evdə oturub gözləyirdi. İndi zəmanə fərqlidir. Hər insanın öz televizoru var: smartfon elə televizordur. İstədiyin verilişi və ya filmi “YouTube”dan izləyə bilərsən. Bu da bizim işimizi çətinləşdirir. Artıq bizim kanalın “YouTube” səhifəsinin bir milyondan yuxarı izləyicisi var. Bu günün göstəricilərinə görə, televiziyaya daha çox 45-50+ yaşlı insanlar, təqaüdçülər baxırlar. Onların daha çox vaxtı olur və izləyə bilirlər. Biz çalışırıq ki, gənclərə də maraqlı olacaq verilişlər istehsal edək”. İTV rəhbəri televiziyanın gələcəyindən ümidsiz danışsa da, meydanda qalmaq üçün mübarizə apardıqlarını da bildirdi: “Bəlkə siz ali məktəbə qəbul olanda televiziya ümumiyyətlə olmayacaq. “Titanik” filminə yəqin hamınız baxmısınız: gəmi batanda artistlər musiqi ifa edirlər ki, təşviş olmasın, amma başa düşürlər ki, hamısı batacaq. Bununla belə, musiqini davam etdirirlər. Mən həmkarlara həmişə deyirəm ki, biz hamımız o orkestrə bənzəyirik. 5-10 ildən sonra hər şey tamam fərqli olacaq. Amma biz də davam edirik. Bizim əslində öz strategiyamız var. Fokusumuz daha çox sosial şəbəkələrdir. Vəzifəmiz ondan ibarət deyil ki, bizi dördbucaqlı cihazdan izləyəsiniz. Vəzifəmiz ondan ibarətdir ki, Azərbaycan dilində məlumat əldə etmək istəyən insanlara kontent hazırlayıb təqdim edək. Bizim üçün fərq etmir ki, tamaşaçı onu dördbucaqlı cihazdan və ya smartfondan izləsin. Ona görə digər kanallar olmayanda İTV “YouTube”da qalacaq. Bu gün meydanları yaradıb öz meydanında diskussiya aparmaq mübarizəsi gedir”.
Şagirdlərdən biri qonağa “Məktəbdə yadda qalan ən maraqlı və ya ən məzəli xatirəniz hansıdır?” sualını ünvanladı. B.Qasımov xatırladı: “O qədərdir ki... Yadımda qalan əsasən xoş, məzəli və müsbət xatirələrdir. Mən nədənsə problem olan hadisələri tez unuduram. Bəlkə bu gün danışmaq yaxşı deyil, amma o qədər olub dərsdən qaçmağımız, imtahan “şparqalka”larını köçürməyimiz... Amma yaxşı oxumuşuq. Mənim iki oğlum var, bunu həmişə onlara da deyirəm. Çox peşmanam, bir dəfə Azad Mirzəcanzadənin ikinci dərsindən qaçıb futbol oynamağa getmişdik. Səmimiyyətimə inanın, indi məktəb illərinə qayıtsaydım, bircə dərs də buraxmazdım...”
“Müstəqil həyata qədəm qoymağa hazırlaşan, ixtisas seçimi ilə üz-üzə qalan gənclərə hansı tövsiyəni verərdiniz”, - deyə məktəbin rus bölməsinin şagirdlərindən biri soruşdu: “Sizi nə maraqlandırırsa, vaxtınızı ona sərf edin. Həyatınızda rol oynamayacaq şeylərə vaxt ayırmayın. Seçiminizi düzgün etməyə çalışın. Mən İqtisad Universitetini bitirmişəm, amma televiziyada çalışıram. Həyatın hansısa bir anında başa düşürsən ki, hansı iş sənə maraqlıdır. Mənim peşəm iqtisadçıdır. Neft şirkətində, bankda işləmişəm. Universitetin 1-ci kursundan günün yarısını işləyirdim. Amma müəyyən vaxtdan sonra fəaliyyət sahəmi dəyişməyə qərar verdim. 2005-ci ildən televiziya layihələri ilə işləməyə başlamışam. Bu iş hobbim oldu. Özümü xoşbəxt insan hiss edirəm ki, bu gün işdə fiziki yorulanda da mənəvi yorğunluğu hiss etmirəm. Çünki bu, çox yaradıcı və maraqlı işdir. Siz də ixtisas seçərkən diqqətli olun. Əgər istəmədiyiniz işlə məşğul olsanız, özünüzü xoşbəxt hiss etməyəcəksiniz. Dünya sürətlə dəyişir. Sizin 90-cı illərin uşaqlarından fərqiniz var. Sizin üçün dövrün tələbinə uyğun peşə seçimi, özünüinkişaf imkanları çoxdur. Onlayn tədrisin verdiyi bilik və bacarıqlardan yararlana bilərsiniz. Özünüzü zənginləşdirmək, inkişaf etdirmək üçün hədsiz imkanlarınız var. Zamanın tələblərinə hazır olmaq lazımdır. Özünüzü harada rahat hiss edərsinizsə, o sahəyə də yönəlin. Çox oxumaq və öyrənmək üçün vaxtınız və imkanlarınız var. Amma unutmayın, həyat nə qədər uzundursa, bir o qədər də qısadır. Dünya sürətlə dəyişir və dinamikdir. Siz də özünüzü bu sürətə uyğunlaşdırın, onda uğur da sizinlə olacaq. Bir də unutmayın, nə ilə məşğul olursan ol, öz işini sevməlisən. Onda cəmiyyətə, ölkənə daha çox fayda vermiş olarsan”.
“Nə? Harada? Nə zaman?” və “Breyn-rinq” komandalarınıza qatılmaq üçün gənclərə intellektdən savayı hansı keyfiyyətlər lazımdır?” - deyə maraqlanan məktəbliyə “Bu yarışlar üçün məntiq əsasdır”, - deyə B.Qasımov cavab verdi: “Bu yarışlara təzə başlayan vaxtlarımızda bu oyunlarla məşğul olmaq üçün məktəb baza bilikləri kifayət idi. Bir də istək əsas idi. Ümumiyyətlə, istək təkcə bu yarışlarda deyil, həyatın bütün sahələrində əsasdır. İstək olanda bir şeyi əldə etmək istəyirsənsə, mütləq mümkün olacaq”.
Məktəbin müəllimlərindən birinin “Bu gün Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarından birinin rəhbəri kimi uğurlarınıza görə kimə minnətdarsınız?” sualına İTV rəhbəri “Müəllimlərimə”, - deyə cavab verdi: “Mənim müəllim sarıdan bəxtim həmişə gətirib. Həmçinin valideynlərimə minnətdaram. Allaha da minnətdaram ki, bu insanları mənim qarşıma çıxarıb. Hələ də öyrənməyə davam edirəm...”