İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatına qarşı əməliyyat başa çatdıqdan sonra Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasının davam etdirilməsini mümkün hesab edir.
O, bunu İlon Maskla söhbəti zamanı bildirib.
“HƏMAS-ı məğlub etdikdən sonra biz (İsrail - red.) Səudiyyə Ərəbistanı ilə sülhə qayıda biləcəyik. Düşünürəm ki, “sülh çevrəsini” (ərəb ölkələri ilə) ən cəsur gözləntilərimizdən daha da geniş inkişaf etdirə biləcəyik... Ancaq əvvəlcə HƏMAS-ı məğlub etməliyik”, - İsrailin Baş naziri Maska deyib.
Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz əl-Fələh Qəzza zolağında baş verən hadisələrə baxmayaraq, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması məsələsinin hələ də gündəmdə olduğunu bildirib.
Noyabrın 3-də “Semafor” portalı ərəb ölkələri və ABŞ-dəki mənbələrə istinadən xəbər yayıb ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə baxmayaraq, İsraillə diplomatik və iqtisadi yaxınlaşmanı davam etdirməyi planlaşdırır.
Mənbə: TASS