“Qarabağ Universiteti gələcəkdə perspektivli ali təhsil müəssisələri sırasında olacaq”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbədən sonra əsas məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır:
“Məlumdur ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin evlə, həmçinin işlə və bunlara paralel olaraq, onların təhsil almaq hüququnun təmin edilməsinə ciddi fikir verilir. Ona görə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə universitetlərin, müxtəlif təhsil ocaqlarının yaradılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur”.
Milli Məclisin üzvü xatırladıb ki, ümumiyyətlə, tarixən Qarabağda elmə-təhsilə xüsusi qayğı göstərilib və daimi bu məsələ diqqətdə saxlanılıb:
“Bu baxımdan ali təhsil müəssisəsinin ilk olaraq məhz Xankəndidə yaradılması xüsusilə vacibdir. Bu addım həm də regionda yüksəkixtisaslı kadrların hazırlanması baxımından olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, Qarabağ Universiteti gələcəkdə perspektivli ali təhsil müəssisələri sırasında olacaq. Bu təhsil ocağı 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi zaman Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə ümumiyyətlə fəaliyyətini dayandırıb”.
A.Nağıyev vurğulayıb ki, Azərbaycan işğal dövründə dağıdılmış maddi-mədəni irsi, tarixi abidələri, təhsil ocaqlarını və yaşayış yerlərini bərpa etməklə bu torpaqların əsl sahibinin kimə məxsus olduğunu bütün dünyaya bir daha sübut edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 28-də imzaladığı əsasən, Xankəndidə Qarabağ Universiteti yaradılacaq. Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.