AİB: Azərbaycan gömrük, ticarətin asanlaşdırılması, ticarət siyasəti sahələrində çox aktivdir

30
Noy
14:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Asiya İnkişaf Bankının CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) proqramının çox aktiv ölkəsidir və biz bunu yüksək dəyərləndiririk.

Bunu APA-nın Tbilisi müxbirinə açıqlamasında Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Departamentinin Regional Əməkdaşlıq və İnteqrasiya Komandasının rəhbəri Lyaziza Sabirova deyib. O, Azərbaycanın Orta Dəhlizin vacib ölkəsi olduğunu, nəqliyyat dəhlizlərinin və ticarətin şaxələndirilməsi istiqamətində vacib layihələr həyata keçirdiyini vurğulayıb.

“Azərbaycan CAREC Regional Əməkdaşlıq Proqramının çox aktiv ölkəsidir və biz bunu çox yüksək dəyərləndiririk. Əlbəttə ki, Azərbaycan Orta Dəhlizin vacib ölkəsidir. Bu gün biz CAREC-in nazirlər toplantısında ticarət və Orta Dəhliz də daxil olmaqla nəqliyyat dəhlizlərinin şaxələndirilməsini müzakirə edəcəyik. Asiya İnkişaf Bankı bu istiqamətdə artıq bir çox layihələr həyata keçirir, məsələn, Gürcüstan və Azərbaycan arasında birgə gömrük-keçid məntəqəsi. Bu da Orta Dəhlizin bir hissəsidir. Görülməli olan işlər çoxdur. Biz çoxlu qiymətləndirmə və təhlil işləri aparırıq və bu, çox vacibdir. Azərbaycan bir çox aspektlərdə çox aktivdir, məsələn, gömrük, ticarətin asanlaşdırılması, ticarət siyasəti və s. Biz, eyni zamanda, səhiyyə sektorunda fəaliyyət göstəririk. Bir sözlə, Azərbaycan CAREC proqramının vacib üzvüdür”, - ADB nümayəndəsi bildirib.

Qeyd edək ki, bu gün Tbilisidə CAREC Regional Əməkdaşlıq Proqramının 22-ci nazirlər konfransı keçirilir. Tədbirin açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, həmçinin iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, eləcə də üzv ölkələrdən rəsmiləri iştirak ediblər. Azərbaycanı beynəlxalq tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirov və digər hökumət nümayəndələri təmsil edirlər.