İqtisadçı: “2024-cü ildə inflyasiya təzyiqləri zəifləyəcək” - ŞƏRH + FOTO

1
Dek
16:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlin yekununa bir aya yaxın vaxt qalıb. 2023-cü ildə bir neçə məhsulun qiymətlərində artma və ya azalma müşahidə edilib. Ümumiyyətlə, 2023-cü ildə yüksək inflyasiya təzyiqləri olub və bu il yüksək inflyasiya göstəriciləri ilə yadda qalıb.

Artıq 2023-cü illə vidalaşmağımıza sayılı günlər qalıb. 2024-cü ilin iqtisadi proqnozları hər kəs tərəfindən səbirsizliklə gözlənilir. Xüsusən də məhsulların qiyməti ilə bağlı məqam daha çox diqqətdədir.

Bəs görəsən, 2024-cü ildə iqtisadiyyatımızı nə gözləyir? Ötən illərlə müqayisədə iqtisadiyyatın vəziyyəti necə olacaq?

Mövzu ilə bağlı seher.media-a açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, 2024-ci ildə inflyasiya təzyiqləri əvvəlki illərlə müqayisədə zəifləyəcək:

“2024-cü il üçün ümumi qənaət ondan ibarətdir ki, inflyasiya təzyiqləri 2023-cü illə müqayisədə zəifləyəcək. Azərbaycan hökumətinin və beynəlxalq qurumların Azərbaycan üçün gözlənilən qiymətlərin dəyişməsi indeksi və yaxud inflyasiya səviyyəsi təxminən 7-9 faiz arasında dəyişir. Bu da o deməkdir ki, cari illə müqayisədə səviyyə aşağı düşəcək”.

Ekspert qeyd edib ki, son bir neçə ay ərzində ərzaqların ucuzlaşması müşahidə olunub:

“Biz əgər Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatlarına baxsaq, görərik ki, son, xüsusilə də bir neçə ay ərzində ərzaq qiymətləri azalmaqda davam edir. Hətta oktyabr ayında da bu özünü göstərdi.

Düzdür, bəzi məhsulların, məsələn, şəkər tozunun qiymətində müəyyən mənada artım oldu. Lakin bitki yağı, kərə yağı, taxıl məhsullarının və un məmulatlarının qiymətində azalmalar oldu. Və hələ də davam edir”.

R.Həsənov qeyd edib ki, 2024-cü ildə Azərbaycanda ərzaq məhsullarının qiymətində qismən az artım olacaq:

“Bir sıra məhsulların qiymətində dəyişikliklər daha çox enerji qiymətləri ilə əlaqəli olduğu üçün 2024-cü ildə enerji qiymətlərinin səviyyəsinin təxminən cari səviyyə ilə bənzər formada proqnozlaşdırılmasını nəzərə alsaq, aydın olar.

Beynəlxalq Enerji Agentliyi və ABŞ Enerji Administrasiyasının proqnozlarını nəzərə almış olsaq, digər qeyri-neft məhsullarının, daha doğrusu digər qeyri-ərzaq məhsullarının böyük həcmli bahalaşmasının qarşısını ala bilər.

Və yaxud qiymətlərin sabit qalmasının qarşısını ala bilər. Əsas burada təzyiqlər daha çox əməyin, əmək xərclərinin maliyyələşdirilməsi istiqamətində ortaya çıxacaq.  Çünki 2023-cü il yüksək inflyasiya göstəriciləri 2024-cü ildə müvafiq istiqamət üzrə korreksiyanın edilməsinə və əməkhaqlarının artırılmasına səbəb olacaq.

Bu da təxminən məhsulların maya dəyərinin əvvəlki illə müqayisədə üç faizə qədər artmasına gətirib çıxaracaq. Bu istiqamətdə qiymət artımları təzyiqi yarana bilər. Amma təbii ki, burada əhalinin alıcılıq gücü və s. faktorlarda dominantlığını qoruyub saxlayacaq”.

“Başqa bir məqam isə məhz qlobal iqtisadiyyatla bağlı potensial risklər məsələsidir. Çin və Avropa iqtisadiyyatı ilə əlaqədar tərəddüdlər enerji qiymətlərinin ucuzlaşmasına gətirib çıxara bilər. Bu da nəqliyyat xərclərinin aşağı düşməsi və məhsulların qiymətlərinin daha aşağı düşməsi istiqamətində təzyiq yarada bilər.

Yaxın Şərqdə müşahidə edilən İsrail və Fələstin konfliktinin sonradan başqa ölkələrə sıçraması halı daha neqativ bir ssenarinin inkişafına gətirib çıxarmaqla, əsas neft məhsulları axını olan istiqamətlərin, yolların təhlükəyə girməsinə, neft bazarında təklifinin aşağı düşməsinə və qiymətlərin bahalaşması ilə bütövlükdə götürəndə gözlənilməz bir situasiyanın yaranmasına və bu günə qədər, xüsusilə son iki ildə inflyasiyanın qarşısının alınması ilə əlaqədar görülən tədbirlərin, fəaliyyətlərin nəticəsinin zəiflədilməsinə gətirib çıxara bilər. Yəni burada kifayət qədər fərqli faktorların müxtəlif istiqamətlərdə təzyiqləri proqnozlaşdırılır. Amma mən düşünürəm ki, məhz pozitiv istiqamətli meyillərin və ssenarilərin gerçəkləşməsi ehtimalı daha yüksəkdir”, - deyə Rəşad Həsənov fikrini tamamlayıb.

Nəzrin Vahid