100 min manat rüşvət alan Lənkəranın sabiq baş memarının məhkəməsi yenidən başladı

7
Dek
11:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan Apellyasiya Məhkəməsində Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri, baş memar Elgün Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri, baş memar Elgün Abdullayev ötən ilin oktyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Əməliyyat tədbirləri ilə Elgün Abdullayevin qeyd olunan vəzifədə işləyərkən rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilmiş fərdi-yaşayış evi və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin aparılmasına, eləcə də həmin sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə təsdiq edilməsi üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. İttihama görə, o, 93 350 manat rüşvət alıb. Elgün Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur və özünü ittihamlar üzrə təqsirli bilmir.