İyulun 29-da 1997-ci il təvəllüdlü Bəkir Qənbərovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Suraxanı Rayon Prokurorluğundan verilən xəbərə görə, istintaqla İmanverdi Quluzadənin qeyd edilən tarixdə əvvəllər qeyri-rəsmi arvadı olmuş Səbinə Həsənovanın yaşadığı, rayonun Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə zor tətbiq etməklə qanunsuz daxil olmasına, daha sonra tanışı Şahin Əhmədovla qabaqcadan əlbir olmaqla Səbinə Həsənovanın yaşadığı evin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq qərəzli xuliqanlıq hərəkətləri etməsinə və S.Həsənovanın qeyri-rəsmi münasibətdə olduğu Bəkir Qənbərovu bıçaqla bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İmanverdi Quluzadəyə Cinayət Məcəlləsinin 120.2.4, 157.2 və 221.3-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə, zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma, silah qismində istifadə olunan əşyalardan istifadə etmə xuliqanlıq törətmə) maddələri ilə, Şahin Əhmədova isə həmin məcəllənin 157.2 və 221.2.1-ci (zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma və bir qrup şəxs halında xuliqanlıq törətmə) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.