Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin sabiq eksperti Aslan Bayramovun cinayət işi üzrə məhkəmə istintaqının vaxtı məlum olub.
“Qaynarinfo” xəbər verir ki, dekabrın 20-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas Bakı Ağır Cinayətlər məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək.
Aslan Bayramov cari ilin avqustunda saxlanılıb. Baş Prokurorluğun həmin vaxt yaydığı məlumatda bildirilir ki, Aslan Bayramovun qanunsuz əməlləri barədə DGK-dan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Aslan Bayramovun ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29 mart 2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvətalma), 311.3.3 (külli miqdarda rüşvətalma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə DGK zərərçəkmiş qismində tanınıb.