Ərinin qətlini sifarişdə təqsirləndirilən qadının məhkəməsində şahid: “Qardaşımı qan içində gördüm”

13
Dek
22:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda sifarişlə qətl törətməkdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Pəricahan Seyidova dindirilib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs keçmiş gəlini olub:

“Axşam mərhum oğlum zəng etdi ki, hamınız hazırlaşın, sizi aparacam restorana. Həmin vaxt həyat yoldaşım yatmışdı, mən və gəlinim Əzizə oyaq idik. Sonra qışqırıq səsi eşitdik, çölə çıxanda oğlum Əlinin məni səsləyərək evin qapısına gəldiyini gördüm. Onu qucaqlayanda əllərim qan içində oldu, yerə yıxılaraq canını tapşırdı. Gənclər arasında qısqanclıq mübahisələri olsa da, ümumiyyətlə ciddi bir narazılıq görməmişəm”.

Şahid qismində ifadə verən Ayaz Seyidov isə qətlə yetirilən Əli Seyidovun qardaşı olduğunu bildirib:

“Səsə çıxdım. Qardaşıma çatanda mənə dedi ki, üç nəfər onu bıçaqlayıb. Bu ifadəni iki dəfə təkrarladı. Evlə küçə arasında 200 metr məsafə var idi. Küçəyə çıxdım ki, bəlkə, o şəxsləri tuta bilim. Lakin hava qaranlıq olduğundan çətinlik çəkdim. Qardaşım qan içində idi. Onu xəstəxanaya aparanda artıq keçinmişdi. Mərhum qardaşımla təqsirləndirilən şəxs olan gəlinimiz Əzizə arasında hər hansı bir narazılıq görməmişəm”.

Daha sonra şahid qismində Həqiqət Əliyeva ifadə verib. O deyib ki, təqsirləndirilən şəxs Əzizə Seyidovanın nənəsidir:

“Təqsirləndirilən şəxslərdən Əzizə Seyidovanı və Mehdi Məmmədovu tanıyıram. Mehdinin mənim balaca qızım Leyla ilə ailə qurmaq fikri var idi. Kəbinli olaraq birgə yaşayırdılar. Daha sonra onların xasiyyəti uyğun gəlmədiyi üçün ayrıldılar. Lakin buna baxmayaraq, Mehdi ilə münasibət qalmışdı və arada gəlib-gedirdi. Əzizə də bizə tez-tez gəlirdi. Mehdinin onunla hər hansı bir münasibətinin olub-olmadığını bilmirəm. Sadəcə, taksi kimi olanda onu çağırırdı”.

Məhkəmənin növbəti iclası gələn il fevralın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin martında Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslər şübhəli qismində tutularaq istintaqa cəlb olunublar.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.