Vətəndaşlar sevinir, sahibkarlar isə çətin durumda - “Kaspi”nin ARAŞDIRMASI

16
Dek
15:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda elektron ticarətin həcmi hər keçən gün artır. Bu, yerli sahibkarları, mağaza sahiblərini çətin durumda qoyur. Ekspertlər hesab edirlər ki, sahibkarlar rəqabətdə uduzmamaq üçün bizneslərini yeni tendensiyaya uyğunlaşdırmalıdırlar. 

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

“Trendyol” bu günlərdə Azərbaycandan 1,3 milyon istifadəçisinin olması ilə bağlı açıqlama verdi. Bu, Azərbaycanda elektron ticarətin formalaşmasını göstərən mühüm rəqəmdir. Lakin bu inkişaf da zərərsiz ötüşmür. Alıcılar xoşbəxtdir, çünki vətəndaşlar ay ərzində 300 dollar limiti keçməməklə ucuz qiymətə məhsullar alır, sahibkarların əksəriyyəti isə işçiyə necə maaş verəcəyi barədə düşünür. Yəni bir tərəf ziyan çəkir, hətta mağazalar bağlanır, digər tərəf inkişaf edir. Onlayn ticarətin inkişafı Azərbaycanda pərakəndə satışla məşğul olan sahibkara ciddi problemlər yaradıb. Bəs onlayn ticarətin geniş vüsət almasının müsbət və mənfi tərəfləri nədir?

Yerli sahibkarlar rəqabətə davam gətirmək üçün nə etməlidirlər?

Rəqabətdə uduzmamaq üçün...

Millət vəkili Vüqar Bayramov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, sahibkarlar işlərini yeni çağırışlara uyğun qurmalıdırlar: “Elektron ticarət və onlayn satış xidmətlərinin göstərilməsi bütün dünyada qlobal tendensiyadır. Tək Azərbaycanda deyil, əksər ölkələrdə bu vəziyyət müşahidə edilir. Sahibkarların bu çağırışlara hazır olması vacibdir. Şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin iki dəfə azaldılacağı ilə bağlı məlumatlar yayılır. Mən bu fikirlərlə razı deyiləm. Sahibkarların rentabelliyi vətəndaşlar üçün müəyyənləşdirilən gömrük limitinin azaldılması hesabına deyil, öz xərclərini minimumlaşdırmaq və rəqabətə hazır olmaq yolu ilə gücləndirilməlidir. Yəni rəqabətdə uduzmamaq üçün öz bizneslərini hazırkı tendensiyaya uyğunlaşdırmalıdırlar”.

Sahibkarlar onlayn satışlara üstünlük verməlidirlər

Millət vəkili düşünür ki, hazırda sahibkar tərəfindən satışların əhəmiyyətli hissəsinin onlayn və stoklar vasitəsilə həyata keçirilməsi məqsədəuyğundur:

“Eyni zamanda, istehsalla məşğul olan şirkətlərin onlayn satış şəbəkələri ilə birbaşa əlaqələrinin yaradılması və əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. Ümumiyyətlə, qlobal trend göstərir ki, növbəti illərdə də onlayn satışlar və elektron ticarətin dövriyyəsində artımlar olacaq. Sahibkarlar bütövlükdə xərclərin minimallaşdırılması hesabına rentabelliyi artırmalı, mənfəətin yüksəldilməsinə nail olmalı və bu çağırışlara uyğunlaşmağa çalışmalıdırlar”.

İş yerləri azalır, işsizlər artır

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) İdarə Heyətinin üzvü, sahibkar Elxan Mərdanlı ölkədə onlayn ticarətin inkişaf etməsi fikri ilə razı deyil:

“Azərbaycanda onlayn ticarətin inkişaf etməsi kimi ifadələr gündəmdədir, amma yanlışdır. Çünki ölkə hüdudları çərçivəsində fəaliyyət göstərən onlayn mağazalar ölkə xaricinə demək olar ki, məhsul göndərmirlər. Azərbaycan vətəndaşı ölkədə olan və ehtiyacını qarşılamağa qadir məhsulları digər ölkələrin onlayn ticarət platformalarından ucuz taparaq, alış-veriş edir. Nəticədə yerli sahibkarlar satış olmadığı üçün müştəri itirir, əməkhaqqı verə bilmirlər. İş yerləri azalır, işsizlər artır”.

Təbii ki, alıcılar məhsulu ucuz qiymətə tapdıqları üçün onlayn ticarətə üstünlük verirlər. Həmçinin onlar Azərbaycanda eyni məhsulun baha olmasından şikayətlənirlər. 

Azərbaycanda geyimlər niyə bahadır?

Elxan Mərdanlı deyir ki, bunun səbəbi mövcud qanunvericilikdəki boşluqlardır. Mütəxəssisin sözlərinə görə, əgər qanunvericilik sahibkaryönümlü olsa idi, eyni mallar Azərbaycanda da münasib qiymətə satılacaqdı:

“Bizdə sahibkar ölkəyə məhsul idxal edən zaman 15 faiz gömrük rüsumu ödəyir. Bununla yanaşı, sahibkardan öncədən əlavə dəyər vergisi (ƏDV) alınır. Dövlət özünü qanunvericiliyin verdiyi imkan daxilində qısa müddətdə sığortalayır ki, sahibkar məhsulu gətirər satar, amma ƏDV-ni ödəməz. Sahibkardan ƏDV-si öncədən alınır. Bu, sahibkarı qorumaq deyil. Əslində sahibkarın qorunması lazımdır ki, yekunda mənfəət vergisi ödəyə bilsin. Bununla yanaşı, elektron xidmət haqqı, gömrük yığımı var. Qanunvericilikdə ikiqat xidmət haqqı deyilən bir nüans da var. Əlavə olaraq, sahibkar məhsul idxal edən zaman bəyannamənin pulunu bir az gec ödəsə, o zaman dəbbə pulu ödəməyə məcbur qalır. Ümumi hesabladıqda, təxminən 42 faizə qədər gömrük rüsumu yaranır. Əgər 34 min manatlıq məhsul idxal edəcəksənsə, üzərinə 14 min manatlıq digər xərcləri gələndə 48 min manat pul edir. Yol pulunu da nəzərə aldıqda 50 minə yaxın xərcdir. Yəni Türkiyədə mayası 34 min manata olan bir məhsul Azərbaycanda 50 min manata başa gəlir. Türkiyədəki sahibkar 34 minin üzərindən, Azərbaycandakı isə 50 min üzərindən satış qiyməti hesablayır. Qiymətin baha olmasının səbəbi budur”. 

Sahibkar vurğulayır ki, ölkədə icarə qiymətlərinin yüksək olması da bahalaşmanın əsas səbəblərindəndir:

“Ticarət mərkəzlərində icarə haqları 15-22 min manatdan başlayır. Sahibkar baha satmalıdır ki, icarəsini ödəyə bilsin. Sahibkar ayın ilk 10 gününü icarə, növbəti 10 gündə əməkhaqqı üçün işləyir. Ayın sonuna da çalışır ki, mayasını çıxarsın, növbəti ayda mal alıb sata bilsin”.

Güzəştlərin edilməsi vacibdir

Məsələnin həll yoluna gəldikdə isə iş adamı düşünür ki, problemin qarşısını almaq üçün qanunvericilik sahibkara güzəştlər etməlidir:

“Sahibkar məsələni yumşaltmaq üçün hansısa nüansdan yararlana bilmir. Mağazaların bağlanması tendensiyası artır. Bunun qarşısını almağın yeganə yolu nəyisə qadağan etmək, yaxud limiti azaltmaq deyil. Çıxış yolu yerli sahibkarların rəqabət qabiliyyətlərini gücləndirmək, bunun üçün onlara müəyyən güzəştlər etməkdir”.