Azərbaycanda məişət zorakılığının qarşısının alınması məqsədilə iki cür: qısamüddətli və uzunmüddətli mühafizə orderi verilir.
Amma uzunmüddətli mühafizə orderi rüsumla verilir ki, buna da hər kəsin gücü çatmır.
Zorakılığa məruz qalan, onu müdafiə etmək üçün vəkil belə tutmağa pulu olmayan şəxs mühafizə orderi almaq üçün vəsaiti necə tapsın?
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova seher.media-a açıqlamasında bildirib ki, məişət zorakılığının qurbanı olan şəxs mühafizə orderi almaq və ya vəkil tutmaq üçün çalışmalıdır ki, bu da həmin vaxt üçün təhlükəlidir:
“Çünki həmin şəxs həyatını təhlükəyə atır və rüsumu düzəltməkdən ötəri işə çıxır. Bu zaman ona zorakılıq edən şəxs əməlini təkrarlaya, hətta onu öldürə bilər. Rüsumlar zorakılığa məruz qalan şəxslər üçün ölüm hökmünə bərabərdir. Həmin şəxslər bütün təhlükələrə baxmayaraq, iş axtarırlar. Nəzərə alsaq ki, əksəriyyəti ya çalışmır, ya da təhlükəsizliyi təmin olunmayan yerlərdə çalışır, nəticədə onların həyatları üçün təhlükəli vəziyyət yaranır”.
M.Zeynalova qeyd edib ki, Qeyri-Hökumət Təşkilatları tərəfindən də dəfələrlə vəkillərin pulsuz məhkəməyə çıxması barədə təkliflər səsləndirilib:
“Bu zaman gərginlik bir az azalardı. Şəxs özü də həyatının təhlükəsizliyinə görə, qaldığı yerdən çıxıb, məhkəməyə getməzdi. Bu məsələlər hər dəfə müzakirə olunur. Hələlik məsələ həllini tapmayıb və məişət zorakılığının qurbanı olanlar üçün təhlükə qalır”.
Qeyd edək ki, uzun müddəti mühafizə orderi dərhal icra edilir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Murad Mirzəzadənin sözlərinə görə, məişət zorakılığı barədə zərərçəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti, digər fiziki və ya hüquqi şəxslərin, dövlət və qeyri-dövlət təşkilatlarının müraciəti daxil olduqda araşdırma aparılır:
“Əməldə cinayət tərkibi olmadıqda, məişət zorakılığının araşdırılması yalnız zərərçəkən şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı əsasında başlanılır və davam etdirilir. Məişət zorakılığının xarakterindən, mahiyyətindən asılı olaraq, zərərçəkən qısamüddətli və uzunmüddətli mühafizə orderi verilməsi üçün müraciət edə bilər. Hər iki mühafizə orderinin spesifik cəhətləri və verilməsi üçün xüsusi prosedurları vardır.
Qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti orqanı tərəfindən zorakılıq törədən şəxsə xəbərdarlıq edilməklə 30 gün müddətinədək, uzunmüddətli mühafizə orderi isə məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs ona verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə məhkəmələr tərəfindən 30 gündən 180 günədək verilir”.
Vəkil vurğulayıb ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.11-ci maddəsinə görə, uzunmüddətli mühafizə orderinin verilməsi üzrə işlərə zərərçəkmişin və ya qanunla müəyyən edilmiş digər şəxslərin ərizəsi əsasında məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır:
“Həmin məcəllənin 108.1.3-cü maddəsinə görə xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilməlidir. Qanunvericiliyin göstərişlərindən aydın olduğu kimi, uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəmələr xüsusi icraat qaydasında məhkəmə işi aparır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə görə, bu cür xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
İstinad edilən qanunvericlik normaları məhkəmə icraatı ilə bağlı olduğu üçün, rüsumun ödənilməsi tələbi də xüsusi icraat qaydasında məhkəmələr tərəfindən baxılan işlərə aiddir. Lakin qısamüddətli mühafizə orderi verilməsi məhkəmələrin deyil, yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti olduğu üçün istinad etdiyimiz maddələr və rüsum ödənilmə tələbi bu qisim orderlərə şamil edilməyib”.
İlhamə Əbülfət