Kubra Məhərrəmova yazır...
Deyilənə görə bu qış çox sərt keçəcək, yəni qarlı-şaxtalı olacaq. Qarşımızda olacaq qış nə qədər soyuq keçsə də, Azərbaycanın ictimai-siyasi həyatının bu soyuqla tərs-mütənasib olacağı, çox qaynar keçəcəyi artıq indidən bəllidir.
Çünki hamımızı qarşıda növbədənkənar prezident seçkisi gözləyir. Bu an üçün Azərbaycanda növbədənkənar prezident seçkisinə namizədlərin sayı 7-ni keçdi. Niyə bu an üçün deyirəm, çünki hər an kimsə namizədliyini irəli sürə və yaxud namizədliyini geri götürə bilər.
Bütün hallarda maraqlı hadisələrin yaşanacağı indidən bəllidir.
Namizədlər arasında elə personajlar var ki, onları deyəsən elə öz partiya üzvlərindən başqa heç kim tanımır. İnternetin açıq resurslarından da bir şey tapmaq olmur. Bəlkə gizli resurslarda nəsə məlumat var, onu deyə bilmərəm. Axtarışa verdiyim halda onlar haqqında üç-beş foto və qısa yazı çıxdı. Düşünürəm ki, ölkə başçısı olmaq istəyənin həyat və fəaliyyəti daha zəngin olmalıdır. Amma yenə də seçicilər özləri bilərlər.
Məsələn aralarında eləsi var ki, açıq deyir ki, “İlham Əliyevin reytinqi 90 faizin üzərindədir, Qarabağı işğaldan azad edib”. Əslində çox maraqlı müşahidədir.
Seçkilərdə rəqibinin 90 faiz reytinqdə olmasını bu başdan bilərək seçki kampaniyası qoşulmaq nə qədər uğurlu ideyadır, bilmirəm.
Prezidentliyə bir başqa namizəd isə 2020-ci ildə belə bir fikir səsləndirmişdi ki, “Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözləyir”.
Hətta bu fikirlərə görə ölkənin Müdafiə Nazirliyi açıqlama yaymışdı ki bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələrinə, xüsusiyyətlərinə və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir. Azərbaycanın mülki əhalisinə - qadınlara, uşaqlara və ahıllara qarşı daim vəhşilik nümayiş etdirmiş düşməndən fərqli olaraq Azərbaycan Ordusu hər zaman beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir.
Bir anlıq düşünürsən ki, bu adamlar ictimai-siyasi fəaliyyətlə fəal məşğul olanlardır. Əgər bu kəslər belə açıqlama verirlərsə, bəs digərlərindən nə gözləyək?
Yaxud da, bir başqa namizəd televiziyalara dəvət olunmadığından şikayət etmişdi. Efirdə olmaq bu qədər vacib və önəmlidir ki? Bu gün səni izləyən, sənə güvənən kütlə üçün nə televiziya, nə də radio lazımı deyil. Sosial şəbəkələr özü insanların səni tapmasına yardım edəcək. İnsanlara maraqlı olanda mütləq bir yol tapıb sənə çatacaq, dəstək göstərəcəklər.
Bir başqa namizəd də demək olar ki, hər dəfə prezident seçkisinə qoşulur. Amma fərqli bir ideya, fikir səsləndirmir.
Fevralın 7-də xalq seçimini edəcək, öz namizədinə səs verəcək. Elə bu yaxınlarda Bakı küçələrində sorğu aparılmışdı. İnsanlar tam səmimi və böyük məmnuniyyət hissi ilə kimə səs verəcəklərini açıqlamışdılar. “Exit-poll” və müşahidələrə əsaslansaq düşünmürəm ki, kimsə bu sorğunu ciddiyə alsın.
Yenə də qayıdıram əsas mövzumuza, namizədlərin bəzilərinin geniş kütlə tərəfindən tanınmamasına, digərlərinin isə mütəmadi olaraq maraqlı açıqlamalarla gündəmə gəlməsinə.
Elə namizədlərdən biri də belə bir fikir söyləmişdi ki: ABŞ-də o iki partiyadan kənar, onlarla başqa namizəd də qatılır. Onlardan ən azı 4-5-i seçki prosesində iştirak edir və bir faizin altında nəticə göstərirlər. 200 ildir ki, bu belədir. O adamlar da özlərinə səs istəyirlər, çağırış edirlər, hətta bəri başdan da bilirlər ki, bunlar nəticəyə görə məğlub olacaqlar.
Əslində bu da maraqlı yanaşmadır. Nə isə...
Gedim namizədlər barədə daha geniş araşdırma aparım...