2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 283 milyon 377 min dollar dəyərində 1 milyon 94 min ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6,3% və ya 72,9 min ton, məbləğ baxımından isə 28,8% və ya 114,6 milyon dollar azdır.
Buğdanın qiymətinin kəskin azalması növbəti ildən çörəyin qiymətinə hər hansı formada təsir edə bilərmi?
Məsələ ilə bağlı seher.media-ın sualını cavablandıran iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, artıq iki ilə yaxındır buğda qiymətləri dünya bazarında və daxili bazarda ucuzlaşıb:
“Son iki il ərzində həm idxal buğdasının, həm də yerli buğdanın qiyməti 50 faizdə qalıb. Ölkədə xüsusilə tələbat çox olan zavod çörəyinin qiyməti 65 qəpik idi. Buğdanın qiymətində kəskin ucuzlaşma olsa, son iki ildə çörəyin qiymətində 15 qəpik ucuzlaşma olub. Yəni, buğda 50 faiz ucuzlaşıb, çörək qiymətləri isə 30 faiz ucuzlaşıb. Bunun isə səbəbi odur ki, ölkə daxilində un və çörək istehsalı inhisardadır. İnhisar bazarının qiyməti ucuzlaşdırıb və keyfiyyəti qaldırması halları olmur. Rəqabət yoxdur”.
Ekspert onu da əlavə edib ki, buğdanın qiyməti aprel ayına qədər ucuzlaşmağa davam edəcək:
“Çünki dünyada tələbatdan çox buğda istehsal olunub. Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynanın böyük ərzaq buğdası bazası kimi sıradan çıxarılması səbəbindən dünyanın digər buğda istehsalçısı olan ölkələr istehsal normativlərini artırmışdılar. Rusiya üçün iki ildə ərzaq buğdası ixracatını demək olar ki, 50 faizə yaxın artırıb. 2021-ci ildə Rusiya dünya bazarına 30 milyon ton ərzaq buğdası çıxarıbsa, bu il 50 milyon ton buğda satmaq fikrindədir. Bunu ABŞ-nin Kənd Təsərrüfatı Departamenitinin proqnozlarıda təsdiqləyir.
Dünyada buğda bol olduğuna, təklif tələbi üstələdiyi üçün buğda qiymətləri ucuzlaşacaq. Amma bu ucuzlaşmanın Azərbaycan daxilində çörəyin və unun qiymətlərinə təsir etmək ehtimalı çox aşağıdır. Çünki bu sahə tam olaraq inhisardadır. Çörəyin qiyməti 5 qəpik düşəndə, qalxanda da bütün mağazalarda eyni vaxta düşür, eyni vaxtda da qalxır. Bu, monopoliyada olmasaydı, bir sahibkar çörəyin qiymətini artıranda o biri azaldır ki, rəqabət olsun və çox qazansın. Amma bu da daxil hansı sahə inhisardadırsa, o sahədə keyfiyyətin artıb, qiymətin aşağı düşməsi çətin məsələdir. Çörəyin beş qəpik də olsa ucuzlaşması hökumətin müvafiq tədbirləri ilə bağlıdır”.
Könül Cəfərli