“Tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıq alınıb”.
seher.media xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in fəaliyyətinin 5 illiyinə həsr olunan hesabat konfransında deyib.
O bildirib ki, TƏBİB-in tabeli tibb müəssisələrində maddi-texniki bazanın yenilənməsi prosesi davam etdirilir:
“Keyfiyyətli və müasir tendensiyalarla ayaqlaşmaq üçün tibbi xidmətin əsasında maddi-texniki bazanın mövcudluğu çox önəmli faktordur. İnstrumental müayinələrin aparılması, mürəkkəb cərrahi prosedurların icrası üçün 2022-2023-cü illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıq alınıb.
Hazırda TƏBİB-in tabeliyində ümumilikdə 3 046 tibb müəssisəsi fəaliyyət göstərir. Onlardan da 2 834-ü ilkin səhiyyə xidməti, 202-si ixtisaslı, 10-u isə respublika təyinatlı tibb müəssisələridir”.
V.Qurbanov tibb müəssisələrində laboratoriyaların yenilənməsi haqqında da məlumat verib:
“Həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən 78 tibb müəssisəsinin laboratoriyaları tamamilə yenilənib”.
Könül Cəfərli