Bakı Apellyasiya Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Gülnar Vəlizadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Cavid Hüseynin sədrlik etdiyi prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilmədən saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2022-ci ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı 1991-cı il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
G.Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.