Xaçmazın Xudat şəhərinin yaxınlığındakı Şıxməmməd qəbiristanlığında sirli, maraqlı tarix yatır. Buradakı qədim qəbirlərin hər biri ciddi araşdırma tələb edir. Ərəb əlifbası ilə yazılan başdaşılarının oxunub mənasının açıqlanmasına ciddi ehtiyac var.
Bu barədə Bizim.Media-ya Xudat şəhər sakini Rəşad Ağaşirinov məlumat verib. Bildirib ki, qəbirlərin birinin üzərindəki yazıda “Əl-Xudadi” ifadəsi yazılıb. Ehtimal edilir ki, Xudat şəhəri məhz Xudadinin adı ilə belə adlandırılıb. Bu ehtimal barədə isə ona 2010-cu ildə Xaçmazın Seyidlər kəndində yaşayan, mərhum Əfqanıstan vətəndaşı Abdullah Bənnan danışmışdı.
Bənnan ərəb dilini bildiyindən qəbirlərin birində “Məhəmməd- Əl-Xudadi” ifadəsinin yazıldığını açıqlamışdı.
Xudat şəhər sakini bu tarixi qəbirlərin hansı dövrə aid olmasını bilməsə də, məzarların başdaşlarında qəbirlərin kişi və ya qadın olmasının əks etdirən simvolların olduğunu deyib:
“Kişi qəbirlərində qalxan, qılınc, at, dəvə, qadın qəbirlərində isə qızıl-zinət əşyaları həkk olunub. Bütün bunlar ehtimallardır. Hansı ki, elmi yolla araşdırılıb dəqiq mənası və tarixi müəyyən edilməlidir”. Xaçmazın Seyidlər kəndində yaşayan, təqaüddə olan tarix müəllimi Ramiz Əliyev isə bildirib ki, Şıxməmməd qəbiristanlığı tunc dövrünə aid Xudat qalasının ərazisində yerləşir.
Burada müxtəlif tarixi qəbirlər var. Konkret olaraq "Məhəmməd-Əl-Xudadi" sözləri yazılmış qəbirin isə XVII əsrə aid olduğu ehtimal edilir. Xudatlıların fikrincə, sözügedən məzarlıqda yer alan küp qəbirlər, kurqan şəkilli məzar yerləri tarixçi və arxeoloqlar tərəfindən ciddi araşdırılmalıdır.
Məsələ ilə bağlı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev Bizim.Media-nın sorğusuna cavab olaraq qeyd edib ki, bu qəbirlərin ilkin olaraq XIV-XVII əsrlərə aid olduğu ehtimal edilir. Məzarlıqdakı fotolar Şərqşünaslıq İnstitutunun əməkdaşlarına təqdim edilib.
Mütəxəssislər həmin başdaşlarının üzərindəki ərəb dilində olan yazıları oxuduqdan sonra tarixi məzarlığın konkret hansı tarixə aid olduğunu müəyyən edə bilərlər.