Azərbaycanda mikroavtobus qəzası: Yaralananların sayı artdı - YENİLƏNİB + FOTO

25
Dek
11:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə dərhal 5 təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində xəsarət alan 17 nəfər (16 qadın, 1 kişi cinsli olmaqla) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 

Bu barədə seher.media-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralılara müvafiq tibbi xidmətlər göstərilib:

“Belə ki, 1965-ci il təvəllüdlü şəxsə (kişi cinsli) hər iki dizin küt travması, 1958-ci il təvəllüdlü şəxsə (qadın cinsli) sağ kürək sümüyünün sınığı, 2007-ci il təvəllüdlü şəxsə (qadın cinsli)  sinə və dizin küt travması, 1957-ci il təvəllüdlü şəxsə (qadın cinsli) sağ qamış sümüyünün 1/3 sınığı, 1961-ci il təvəllüdlü şəxsə (qadın cinsli) gicgah nahiyəsinin sıyrılmış yarası, 1965-ci il təvəllüdlü şəxsə (qadın cinsli) sol kürək sümüyünün və qabırğaları sınığı, 1956-cı il təvəllüdlü şəxsə (qadın cinsli) sağ diz sümüyünün aşağı 1/3 hissəsinin sınığı, 1966-cı il təvəllüdlü şəxsə (qadın cinsli) sağ bazu sümüyünün aşağı 1/3 hissəsinin yerdəyişən sınığı, 1960-cı il təvəllüdlü şəxsə (qadın cinsli) bel nahiyəsinin qapalı küt travması, 1980-cı il təvəllüdlü şəxsə (qadın cinsli) alın nahiyəsinin kəsilmiş yarası, 1971-ci il təvəllüdlü şəxsə (qadın cinsli) alın-təpə nahiyəsinin sıyrılmış yarası, 1982-ci il təvəllüdlü şəxsə (qadın cinsli) baş və çənə nahiyəsinin küt travması, 2006-cı il təvəllüdlü şəxsə (qadın cinsli) burun-dodaq nahiyəsinin küt travması, 2009-cu il təvəllüdlü şəxsə (qadın cinsli) sol bud sümüyünün aşağı 1/3 hissəsinin sınığı, 1964-cü il təvəllüdlü şəxsə (qadın cinsli) sinə və başın küt travması, 1974-cü il təvəllüdlü şəxsə (qadın cinsli) döş qəfəsinin küt travması, sol qolun sınığı, 1965-ci il təvəllüdlü şəxsə (qadın cinsli) hər iki baldır nahiyəsinin küt travması diaqnozu qoyulub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri stabildir, müalicələri davam etdirilir”.

10:51

Dekabrın 25-də saat səkkiz radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi ZİL markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev seher.media-ın sorğusuna cavab olaraq bildirib ki, nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb, həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olub:

“Faktla bağlı araşdırma aparılır”.

seher.media-ın əldə etdiyi məlumata görə, hadisə zamanı xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

09:37

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KamAZ” markalı yük avtomobili və ZİL markalı mikroavtobus toqquşub, altı nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Könül Cəfərli