“Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan ANAMA Mətbuat Xidmətinin əməkdaşı Zaur Mahmudovun əməliyyatdan sonrakı vəziyyəti qənaətbəxşdir”.
Bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli seher.media-a açıqlamasında deyib.
O bildirib ki, travmatologiya şöbəsinə yerləşdirilən Zaur Mahmudovun aşağı ətrafının-sol baldırının üçdəbir hissəsinin ciddi zədələndiyi aşkarlanıb:
“Sol baldırın böyük bir hissəsində yumşaq toxumaların məhv olması, sümük toxumasının dağılması, vətər və sinirlərin parçalanması müşahidə olunub. Xəstə ayağından böyük zədə almışdı. Beş saata yaxın davam edən ilk əməliyyat zamanı zədələnən toxumaları, damar-sinir toxumalarını bərpa etdik, rekonstruktiv əməliyyat icra olundu. Hazırda vəziyyəti qənaətbəxş olan xəstədə növbəti əməliyyatın da aparılacağı planlaşdırılır”.
12:21
Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov əməliyyata alınıb.
seher.media-ın əldə etdiyi məlumata görə, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının travmatologiya şöbəsinə yerləşdirilən Z.Mahmudovun üzərində aparılan cərrahiyyə əməliyyatı uğurla keçib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən seher.media-a verilən xəbərə görə, Z.Mahmudovun həyati təhlükəsi yoxdur:
“Xəsarət alan əməkdaşın durumu ilə bağlı əlavə məlumat veriləcək”.
11:00
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov dünən Gəncə şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub.
seher.media-ın əldə etdiyi məlumata görə, Zaur Mahmudov paytaxtda fəaliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının travmatologiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, onun vəziyyətinin qənaətbəxş olduğu deyilib.
Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı dünən, 26 dekabr tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. O dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı ona sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu təyin edilib. Z.Məmmədov həmin gün əvvəlcə Gəncə Şəhər Mərkəzi Klinikasına, daha sonra Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasına təxliyə edilmişdi.
Könül Cəfərli