Sabirabadın Məmişli kəndində 32 yaşlı kişi ilə nişanlandırılan 12 yaşlı qızcığaz danışıb.
Bu barədə görüntülər Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində yayımlanıb.
12 yaşlı qız verilişin aparıcısı Lalə Azərtaşa bildirib ki, nişanlandığı şəxsi yaxşı biri kimi tanıyır və beş il sonra toyları olacaq.
L.Azərtaşın qızcığaza ünvanladığı “beş il sonra Kərimin 37 yaşı olacaq. Bəs onda necə?” sualına o, “yaxşı olacaq” deyə cavab verib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Rayon İcra Hakimiyyəti 12 yaşda məcburi nişanlandırılan qızı nəzarətə götürüb.
Xatırladaq ki, bir neçə gün öncə 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb. Ailəsi əvvəlcə, övladının nişanı olduğunu danıb və görüntülərin qızın ad günündə lentə alındığını bildiriliblər.
15:12
Mil-Muğan Regional Təhsil İdarəsi 12 yaşında nişanlandırılan məktəbli ilə bağlı məsələyə münasibət bildirib.
İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə nişan görüntüləri yayılan 12 yaşlı Q. E. Sabirabad rayon Qaralar kənd tam orta məktəbinin VII sinif şagirdidir:
“Şagirdin dərsə davamiyyəti ilə bağlı hər hansı bir problem yoxdur. Şagird hər gün dərslərdə iştirak edir. Onu da qeyd edirik ki, məktəbin rəhbərliyi sözügedən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına aidiyyəti üzrə məlumat verib”.
13:46
Sabirabad rayonunun Məmişli kəndində yeniyetmə qızın evliliyə cəlb olunması ilə bağlı mətbuatda yayılan məlumat Ombudsman Aparatı tərəfindən araşdırılıb.
Qurumdan verilən məlumata görə, məsələ Ombudsman tərəfindən nəzarətə götürülüb.
Azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilib.
Ombudsman Aparatının aidiyyəti struktur bölməsi tərəfindən uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri, erkən evliliyin fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
10:44
“Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması faktına görə hüquq-mühafizə orqanlarının əməkdaşları ailənin evində olub, ailə başçıları ilə danışıqlar aparıblar. Yetkinlik yaşına çatmayan qızın təhsilinə davam etməsi təmin edilib”.
Bu barədə seher.media-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:
“Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.
10:22
“Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə məlumatlar yayılıb. Faktla bağlı daxil olan məlumat əsasında ailə ilə danışıqlar aparılıb və fakt öz təsdiqini tapıb”.
Bu barədə seher.media-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və polis əməkdaşlarının iştirakı ilə ailə ziyarət edilib:
“Ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onlara izah edilib. Lakin buna baxmayaraq, ailə başçıları qeyd ediblər ki, burada heç bir təzyiqdən söhbət gedə bilməz, qız özü qərar verib.
Nəzərə alsaq ki, qızın 12 yaşı var və o, bu yaşda nişan və ya evlənmək istəyinə necə qərar verə bilər?
Yekun olaraq ailə başçıları qızın 18 yaşı tamam olana qədər toy mərasiminin keçirilməyəcəyinə dair yazılı izahat veriblər. Əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Sözügedən ailə komitəmiz, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılacaq.
Baş verənlər qızın psixologiyasına mənfi təsir göstərməsin deyə mərkəzin psixoloqları onunla tez-tez görüşəcək, söhbət edəcəklər”.
Xatırladaq ki, ötən gün “Xəzər” televiziyasının əməkdaşları sözügedən ailənin evində çəkiliş edərkən .
Könül Cəfərli