Fəxri Ağayevin idarəçilik barədə yazdığı məqalə ilin birincisi seçilib.
Peşəkar idarəçi, biznes konsultant və biznes təlimçi Fəxri Ağayev beynəlxalq iş adamları və idarəçilər cəmiyyətinin E-xecutive.ru portalında ilin ən yaxşı biznes məqaləsinin müəllifi elan olunub.
Cəmiyyət, peşəkar sosial şəbəkə və portal olmaqla onlarla fərqli ölkələrdən 350 mindən çox sahibkar, iş adamı, top menecer və menecerdən ibarətdir. Menecment, marketinq, karyera, maliyyə və biznes təhsili üzrə nəşrlərin bazasında 10 minə yaxın məqalə var. Bu mətnlərin 80%-i icma üzvləri tərəfindən yazılıb.
Bir il ərzində bu portalda Fəxri Ağayevin 7 məqaləsi dərc edilib və məqalələri böyük firmalarda sahibkarların yaşadıqları vərəsəlik problemi və həlli yolları, şirkət rəhbərlərinin peşəkar və şəxsi inkişafı, kiçik firmaların böyük problemlərinin həll edilməsi, şirkətlərdə idarəçiliyin dəyərlər üzərində qurulması mövzularında olmuşdur.
Birincilik barədə elanda bu cümlə qeyd edilib: Fəxri Ağayev 5-ci ildir ki, ən yaxşı müəlliflər siyahısına daxil olan yeganə şəxsdir, o, 2019 və 2020-ci illərdə də ən yaxşılar siyahısında yer alıb. Artıq ikinci ildir ki, o, reytinqdə birinci yeri tutur.
2023-cu ilin ən yaxşı müəlliflərini müəyyənləşdirərkən E-xecutive.ru redaksiyası üç meyara diqqət yetirib:
• Müəllifin məqalələrinə baxışların ümumi sayı;
• Müəllifin E-xecutive.ru saytında aktivliyi, yəni yazdığı məqalələrin və yazılarına olan şərhlərin sayı;
• Müəllifin toxunduğu mövzuların aktuallığı, məqalələrin yeniliyi və praktiki dəyəri.
Fəxri Ağayev peşəkar idarəçidir və onun tanınan beynəlxalq layihələrindən biri fərdi mentorluq (müxtəlif ölkələrdən rəhbərlərin və peşəkarların şəxsi, peşəkar və psixoloji inkişaflarına dəstək göstərən xüsusi hazırlıq proqramı) layihəsidir.