Bakıda qısqanclıq zəminində həmyerlisini öldürməkdə təqsirləndirilən Çin vətəndaşına hökm oxunub

30
Dek
18:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qısqanclıq zəminində həmyerlisi Pan Yuan Lianqı öldürməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tianqanqa hökm oxunub.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi məhkəmə iclasında o, 9 il müddətə azadlıqdan məhrum edilib.

Cəzasını çəkdikdən sonra Azərbaycan ərazisini məcburi tərk etməsi ilə bağlı qərar qəbul edilib.

İttiham aktına əsasən, Bakıya işləmək üçün gələn hər iki Çin vətəndaşı Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yataqxanada yaşayıblar. Yuan Tianqanqın həyat yoldaşı da onlarla bir evdə qalıb. Cari il iyulun 14-də Yuan Tianqanq onunla eyni evdə yaşayan tanışı Lianqın onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib. O, qısqanclıq zəminində Lianqın baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib. Lianq hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Yuan Tianqanqa qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.