Bayram günlərində masaya çeşid-çeşid yemək düzmək ənənə halını alıb. Süfrə nə qədər bol, ləzzətli və gözəl görünürsə, hesab etmək olar ki, sağlamlığımıza təhdidi də bir o qədər çoxdur.
Bəs Yeni ildə necə qidalanmalıyıq? Bayramda yığılacağı qaçılmaz görünən artıq çəkilərdən necə qurtulaq?
Fitnes məşqçisi Gülnar Vəliyeva seher.media-a açıqlamasında bildirib ki, Yeni ili çoxları səbirsizliklə gözləyir, eyni zamanda bayram axşamı çox yeyəcəklərini də öncədən etiraf edirlər:
“Hər zamankı kimi, bayram atributlarından biri də dadlı təamlarla dolu süfrəmizdir. Təbii ki, alacağımız çəkini düşünmədən bayramı qeyd edirik. Rahatlıqla deyə bilərəm ki, bayramdan sonra tərəziyə çıxsaq, iki kiloqramdan çox kökəldiyimizi görəcəyik. Tez bir vaxtda çəki atmaq üçün isə ilk olaraq etdiyimiz səhvləri düzətlməliyik.
Bayram sonrası yemək sayını azaltmalıyıq. Həmçinin, hər dəfəsində də porsiya ölçüsünə diqqət etməliyik. Günün birinci yarısı karbohidrat - yulaf, düyü, makaron, kartof, un məhsulları və sair məhsulları qəbul etmək olar. Gün ərzində çəkimizə uyğun su qəbul etməliyik. Məsələn, çəkisi 60 kiloqram olan bir şəxs 1 800 ml su qəbul etməlidir”.
G.Vəliyeva qeyd edib ki, çox adam axşamlar meyvə yeməyə üstünlük verir ki, bu da düzgün deyil:
“Meyvə axşam saatlarında qəbul edilməməlidir. Tərəvəz ilə günü tamamlaya bilərik. Kardio məşqləri artırmaq lazımdır. Gün ərzində 45-50 dəqiqə qaçış lentində qaçmaq və ya açıq havada 10 min addım atmaq lazımdır. Pilates məşqləri ilə də məşqinizi tamamlaya bilərsiniz.
Pilates onurğa sağlamlığımız üçün vacib məşq növlərindən biridir.
Bunları etsək, ilk həftələrdən etibarən bədənimizin gözlə görüləcək şəkildə yığılmağına şahid olacağıq. Unutmayın, sağlam bədəndə sağlam ruh olar. Məşqiniz və qidalanmanız bir bütündür. Hər ikisinə birlikdə riayət etmək lazımdır”.
Qida eksperti Fərid Səfərov seher.media-a açıqlamasında qeyd edib ki, bayram günlərində yeməkləri balanslı şəkildə planlaşdırmaq lazımdır:
“Yeməyə bütün qida qruplarını daxil etməyə çalışın, yəni yeməkləriniz zülallar, karbohidratlar, yağlar, vitaminlər və minerallardan ibarət olsun. Çalışmaq lazımdır ki, böyük porsiyalarla yeməyəsiniz. Fərqli ləzzətləri sınamaq istəyirsinizsə, az miqdarda qəbul etməklə tarazlığa nail ola bilərsiniz. Yeni il ərəfəsində spirtli içkilərin və duzlu qəlyanaltıların qəbulu arta bilər. Odur ki, bol su içməyi unutmayın. Spirtli içkilər bədəndə susuzluğa səbəb olur ki, bu da mənfi nəticəyə gətirib çıxarır”.
Ekspert bildirib ki, qida menyumuza rəngli tərəvəzləri daxil etmək lazımdır:
“Yeməkləri buxarda bişirərək həm dad, həm də vitamin tərkibini qoruyub-saxlamaq olar. Bu, vitamin və lif qəbulunu artıra bilər. Menyuya ət, toyuq, balıq və yumurta kimi zülal mənbələrini daxil edin. Bu, toxluq hissini artırır və əzələ sağlamlığınız üçün də vacibdir.
Həddindən artıq şirniyyat qəbul etməyin. Desert alternativləri meyvə, qurudulmuş meyvə və ya az şəkərli desertlər ola bilər. Eyni zamanda, yeməklərinizi yavaş-yavaş yemək həzm prosesini yaxşılaşdıra və toxluq hissini artıra bilər”.
“Yeni il ərəfəsində tez-tez istehlak edilə bilən qəlyanaltılar ümumiyyətlə yüksəkkalorili və şəkərlidir. Bu səbəbdən qovrulmamış qoz-fındıqlara üstünlük verilməlidir. Təzə meyvə və ya tərəvəz kimi daha sağlam qəlyanaltılar üstünlük təşkil etməlidir. Yeməkdən sonra mütləq qısa bir gəzintiyə çıxmalısınız. Gəzinti həzmi sürətləndirir və əhvali-ruhiyyəni yüksəldir.
Yeni il gecəsi yuxusuz qalmısınızsa, növbəti gün kifayət qədər yatmaq gərəkdir. Yüngül səhər yeməyinə üstünlük verilməlidir. Gündəlik idman və gəzintilər davam etdirilməlidir. Öynələrdə tərəvəz yeməkləri və bol maye qəbul edərək maddələr mübadiləsini tənzimləyə bilərsiniz”, - deyə F.Səfərov vurğulayıb.
İlhamə Əbülfət