Məmurlara şər atıb 192 min manatlıq dələduzluq edən şəxslə bağlı QƏRAR

1
Mar
11:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Zamin Qarayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamin Qarayev yeddi il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, zərərçəkmişlərin şikayəti təmin olunmayıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı apellyasiya protestinə münasibətdə dəyişdirilib və Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddəsi məhkəmənin hökmündən xaric edilib.

Qeyd edək ki, Zamin Qarayev Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının şikayəti əsasında həbs edilib. Onlar adıçəkilən şəxsin cinayət əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161” qaynar xətt əlaqə mərkəzinə məlumat veriblər. 13 sentyabr 2021-ci il tarixdə faktla bağlı cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış ilkin araşdırmalarla Zamin Qarayevin dövlət orqanının və dövlət məmurlarının nüfuzuna şər atmaqla, onların adından sui-istifadə etməklə, icra məmuruna rüşvət verilməsi adı altında ayrı-ayrı şəxslərin ümumilikdə 192 000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan sonra o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zamin Qarayevə Cinayət Məcəlləsinin 29 (külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.