Tibb müəssisələrində sağlam və virusa yoluxmuş pasiyentlər arasında təhlükəsiz mühit yoxdur? - AÇIQLAMA

1
Mar
16:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir çox tibb müəssisələrində infeksion şöbələrə giriş və keçidlərin əsas qapılardan olması vətəndaşları narahat edir. Bu məsələ pandemiyanın qızğın dövründə daha çox gündəmə gəldi və çıxış yolu kimi bir çox tibb müəssisələrində ümumiyyətlə digər problemlərlə bağlı müraciət edən pasiyentlərin qəbulu dayandırıldı.

seher.media xəbər verir ki, sözügedən məsələ mövsümlə əlaqədar olaraq viruslu infeksiyaların, eləcə də hava-damcı yolu ilə insandan insana keçən qızılcanın (inkubasiya dövrü 10-14 gün arasındadır) geniş yayıldığı dövrdə yenidən gündəmə gəlib.

Vətəndaşlar tibb müəssisələrinə gələrkən infeksion xəstəliklərə yoluxma ehtimalı olan şəxslərlə yaxın məsafədə qalaraq yoluxma riskinə məruz qaldıqlarını iddia edirlər.

Özəl tibb müəssisələrində infeksion şöbələrin girişləri ya fərqli olur, ya da “qırmızı zona” kimi ayrılır. Dövlət xəstəxanalarında isə təəssüf ki, bu məqam nəzərə alınmayıb. Yoluxucu xəstəliyə tutulmasından şübhələnərək tibb müəssisəsinə müraciət edən şəxslərlə digər, konsultasiya və ya başqa səbəblərdən tibb müəssisəsinə yaxınlaşan şəxslər yaxın təmasda qalırlar.

Bu problemin həlli üçün aidiyyəti qurumlar hansı tədbirləri görə bilərlər? Yeni inşa ediləcək tibb müəssisələrində bu məqam nəzərə alınacaqmı?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 7 aprel 2009-cu il tarixli 37 nömrəli “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”a müvafiq olaraq, TƏBİB tabeli tibb müəssisələrində yoluxucu xəstəliklər şöbəsi xəstəxananın əsas binasından kənarda yerləşir:

“Bütün yoluxucu xəstəliklər şöbələrinin yerləşdiyi binaların giriş və çıxışları ayrıdır. Bu isə yoluxucu xəstəlikləri olan şəxslərin somatik xəstəlikləri olan şəxslərlə təmasda olması riskini aradan qaldırır.

Gələcəkdə yeni inşa ediləcək tibb müəssisələrində yoluxucu xəstəliklər şöbəsi xəstəxananın əsas binasında olarsa, bu istiqamətdə optimallaşdırılmış variantlar nəzərə alınacaq”.

Könül Cəfərli