Dünyanın ən tanınmış interyer dizaynerlərindən biri və moda ikonu Ayris Apfel 102 yaşında vəfat edib.
Bu barədə onun nümayəndəsi Styu Loeser bildirib.
Onun sözlərinə görə, Apfel Florida ştatının Palm-Biç şəhərindəki evində dünyasını dəyişib.
Qeyd edək ki, Ayrisin sahibi olduğu “Old World Weavers” tekstil şirkətinin Ağ Evlə, o cümlədən ABŞ-nin doqquz prezidenti ilə - Harri Trumen, Devid Eyzenhauer, Con Kennedi, Lindon Conson, Riçard Nikson, Cerald Ford, Cimmi Karter, Ronald Reyqan və Bill Klintonla müqavilələri olub.
Modelyer, həmçinin, ekstravaqant geyim tərzi ilə tanınıb. Qarderobunun əsasını iri dəyirmi eynəklər, iri muncuqlar, parlaq parçalar təşkil edən modelyer baxılmaq üçün deyil, özü üçün geyindiyini deyirdi:
“Başqalarına bənzəmədikdə başqaları kimi düşünməyə də ehtiyac yoxdur”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Ayris 97 yaşında moda agentliyi ilə müqavilə bağlayan azsaylı müasir modellərdən biri olub.
Mənbə: RBK