“Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində aparılan təmir-genişləndirmə işləri yekunlaşmaq üzrədir. Belə ki, dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işlərinin 95%-i uğurla yekunlaşıb. Sözügedən dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaq və yüklərin əhəmiyyətli hissəsinin BTQ-yə cəlb edilməsidir”.
“Report” xəbər verir ki, Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin ən qısa müddətdə Avropaya çatdırılmasında BTQ dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.
Artmaqda olan yük tələbatını qarşılamaq üçün 2023-cü ildən başlayaraq layihə çərçivəsində kompleks təmir-genişləndirmə işlərinə başlanılıb, hazırda son tamamlanma işləri görülür.
Sözügedən ərazidə aparılan işlərlə yaxından tanış olmaq üçün 2 mart tarixində Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları idarələrinin rəhbərləri Rövşən Rüstəmov, David Peradze və Veysi Kurtun iştirakı ilə layihəyə birgə baxış keçirilib, layihənin qrafik üzrə vaxtında tamamlanması üçün yerində müvafiq müzakirələr aparılıb. Türkiyə və Gürcüstan dəmir yolları idarələrinin rəhbərləri görülən işlərin sürətindən razılıqlarını ifadə ediblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov aparılan təmir-genişləndirmə işləri ilə bağlı bildirib ki, BTQ-nin çətin relyefə, dağlıq və meşəlik əraziyə malik Marabda-Kartsaxi sahəsində yol təsərrüfatının sağlamlaşdırılması, onun ötürücülük qabiliyyətinin artırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından əsas işlər yekunlaşıb:
“Prezident İlham Əliyevin tapşırığına əsasən, illik aşırma gücünün beş milyon tona çatdırılması üçün bu işlərə başlanıb. BTQ Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevriləcək. Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin həcminin artırılması artıq günün tələbidir, yeni reallıqdır. ADY modernləşdirilmiş BTQ dəmir yolu xətti ilə bu çağırışlara cavab verməyə, yükdaşımalar üzrə beynəlxalq səviyyədə rəqabətə hazırdır”.
BTQ layihəsi üzrə işlər beş hissədən ibarətdir. Onlardan üçünün tamamlanması həyata keçirilib və buna dair Gürcüstan Hökuməti tərəfindən rəsmi sənəd təqdim edilib.
Qeyd edək ki, BTQ layihəsinin I hissəsi üzrə 29,2 km uzunluğa malik Marabda-Tetriskaro dəmir yolu xətti üzrə üç dəmiryol stansiyası, iki dartı yarımstansiyası, dörd sərnişin platforması və 38 km kontakt şəbəkə xətti üzrə bütün işlər yekunlaşıb, siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının qurulması və işə salınması, yoldəyişən qurğuların kabelləşdirilməsi və digər genişləndirmə işləri sona çatdırılıb. Bu hissə üzrə layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşıb və tamamlanmasına dair Gürcüstan Hökumətindən rəsmi sənəd əldə edilib.
49,7 km uzunluğuna malik II hissə - Tetriskaro-Tsalka dəmir yolu xətti üzrə üç dəmir yolu stansiyası, üç sərnişin platforması və iki dartı yarımstansiyası, 5,9 km uzunluğu olan qardan qoruma hasarları üzrə bütün işlər yekunlaşmış, siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının qurulması və işə salınması həyata keçirilmişdir. Bu hissə üzrə də layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşmış və tamamlanmasına dair rəsmi sənəd əldə edilib.
74,1 km uzunluğa malik III hissə - Tsalka-Axalkalaki dəmir yolu xətti üzrə dörd dəmir yolu stansiyası, üç dartı yarımstansiyası, dörd sərnişin platformasında işlər tamamlanıb, hazırda dörd qardan mühafizə qalereyasında (tuneldə) təmir işləri davam etdirilir. Cari ilin mart-aprel aylarında bu hissədə nəzərdə tutulmuş işlərin tam yekunlaşdırılması gözlənilir.
Baş yolunun ümumi uzunluğu 27 km olan IV hissə - Axalkalaki-Kartsaxi dəmir yolu xəttinin yenidən qurulması, bir dəmir yolu stansiyası və sərnişin platformalarının təmiri və digər işlər yekunlaşdırılıb. Bu hissə üzrə də layihədə nəzərdə tutulmuş işlər yekunlaşıb və tamamlanmasına dair rəsmi sənəd əldə edilib.
Bununla yanaşı, 110 ha sahəyə malik Axalkalaki kompleksinin tikintisi layihənin beşinci hissəsini təşkil edir. Bu hissə çərçivəsində bir estakada, iki suötürücü, dörd körpü, iki yol ötürücüsü və iki yeraltı piyada keçidinin təmiri, ərazidə qardan mühafizə divarlarının tikilməsi, 17,9 km yeni kontakt şəbəkənin quraşdırılması, dartı yarımstansiyasının gücünün artırılması, 48 km stansiya daxili yolun, 3,9 km avtomobil yolunun inşası və s. işlər görülüb. Eyni zamanda, kompleksin tikintisində yeni texnologiyalar tətbiq edilib, Avropa istehsalı olan müasir avadanlıqlardan istifadə olunub. Hazırda avadanlıqların təchizatı, abadlıq və son tamamlama işləri həyata keçirilir.
Qeyd edək ki, BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 m hündürlükdə aparılır), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına maneələr törətməyib. Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.
ADY sədri Rövşən Rüstəmov layihə üzrə hazırda görülməkdə olan işlərin statusu ilə bağlı bildirib ki, yerdə qalan işlərin aprel ayında tamamlanması istiqamətində bütün resurslar səfərbər edilib:
“Layihə üzrə işlər tam başa çatdırıldıqdan sonra Azərbaycan və Gürcüstan arasında birgə müəssisə yaradılacaq, bu müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək. Artıq bu istiqamətdə işlərə başlanılıb və yaxın vaxtlarda birgə müəssisənin yaradılması həyata keçiriləcək”.
Orta Dəhlizin ən vacib seqmentlərindən biri olan BTQ dəmir yolunun modernləşdirilməsi birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində tikilmiş BTQ dəmir yolu xətti qısa müddətdə beynəlxalq nəqliyyat şəbəkəsində cəlbediciliyini artırıb, Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımalarda bu yoldan istifadəyə tələbat xeyli yüksəlib.