Şirkətin pulu gedir, vətəndaşın ömrü - “Kaspi”nin ARAŞDIRMASI + FOTO

3
Mar
19:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaşayış binaları ilə bağlı bəzi pilot layihələri həyata keçirən şirkətlərdən narazılıqlar var. Bəzən bu şirkətlər tikdikləri binaları vətəndaşlara söz verdikləri vaxtda təhvil verə bilmirlər.  

Bakıda bir çox istifadəyə yararsız, köhnə tikililər sökülür, onların yerində yeni çoxmərtəbəli binalar inşa edilir. Bu işlər pilot layihələr çərçivəsində aparılır. Adətən tikinti şirkətləri sökülən tikililərdə yaşayan sakinlərlə müqavilə imzalayırlar və onları yeni bina tikilənə qədər kirayə pulu ilə təmin edirlər. Lakin bəzi hallarda tikinti şirkətləri binanı söz verdikləri vaxtda təhvil verə bilmirlər. Bu zaman tikinti şirkətləri və vətəndaşlar arasında narazılıqlar yaranır. Bəs görəsən binaların vaxtında təhvil verilməməsinin səbəbi nədir? Bu halla üzləşən vətəndaş hüquqlarını necə qoruya bilər?

“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Bir ildə 2 milyon 400 manat kirayə pulu

Daşınmaz əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, tikintinin uzanması sadəcə vətəndaş üçün deyil, həm də şirkət üçün əlavə xərcdir: “Pilot layihələrin həyata keçirilməsi dövlətlə tikinti şirkətləri arasında bağlanılan müqavilələr əsasında həyata keçirilir. Layihənin gecikməsində heç bir tikinti şirkəti maraqlı deyil. Çünki tikinti şirkəti təkcə ərazinin köçürülməsi, yeni binanın tikilməsi, infrastrukturun qurulması ilə məşğul olmur. Eyni zamanda, köçürüləcək sakinlərin tikinti prosesi müddətində kirayə mənzillə təmin olunmasını öhdəlik olaraq üzərinə götürür. Əgər layihə iki il müddətinə bitməlidirsə və tikinti şirkəti vətəndaşlara hər ay ən azı 100 min manat kirayə haqqı ödəyirsə, bu o deməkdir ki, bir il ərzində 2 milyon 400 manat kirayə öhdəliyi yaranır. Bu vəsait hesabına şirkət tikintinin müəyyən bir hissəsini həyata keçirə bilər. Bu məbləğ nağd pul şəklində ödənilir və heç bir halda gecikdirilə bilməz”. 

Layihədə müəyyən yanlışlığa yol verilərsə...

R.Osmanlının sözlərinə görə, tikinti şirkəti şəhərsalma əsaslandırılmasını təqdim edərkən, layihədə müəyyən yanlışlığa yol verir: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilkin mərhələdə tikinti şirkətinə ərazidə 5 bloklu 14 mərtəbəli layihəyə icazə verir. Amma sonra layihə hazırlanıb təqdim edilən zaman məlum olur ki, ərazi üzrə sıxlıq əmsalları, yaxud paytaxtın Baş planı buna imkan vermir. Yenidən blokun sayını, yaşayış mərtəbələrini azaldırlar. Bu halda tikinti şirkətinin əlavə öhdəlikləri yaranır”.  

Bəzi sakinlər köçmək üçün böyük məbləğ istəyirlər 

Ekspert bildirdi ki, sakinlərin köçürülməsi də tikinti şirkətlərinə problemlər yaradan məsələdir: “Tikinti şirkətləri sakinləri zorla ərazidən köçürə bilməz. Bu proses qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Sakinlərin də bəziləri köçmək müqabilində 1-2 milyon manat istəyirlər və digər halda köçməyəcəklərini bildirirlər. Tikinti şirkəti sakini köçürməkdə problem yaşayır və çıxılmaz vəziyyətdə qalır. Bu proses bir il uzanırsa, bir sakinə görə digər şəxslərə də kirayə pulu ödənməlidir. Sakin çıxmadıqda isə məcburdur məhkəməyə müraciət etsin. Bu da əlavə xərcdir”.  

Əsas səbəb qanunvericilikdəki boşluqlardır 

Ekspert bildirir ki, bu cür problemlərin əsas səbəbi qanunvericilikdəki boşluqlardır: “Bəzən İcra hakimiyyəti, qurumlar biri digərinin verdiyi icazənin düzgün və ya əsaslı olmadığını əsas gətirərək, növbəti mərhələdə müvafiq sənədlərin verilməsindən imtina edir və yaxud prosesi gecikdirir. Bu cür problemlər də məsələnin uzanmasına gətirib çıxarır. Nəticə etibarilə həm vətəndaşlara, həm tikinti şirkətlərinə zərbə dəyir”. 

Obyektiv və subyektiv səbəblər

Vəkil Anar Ramazanov bildirdi ki, bu kimi problemlər əvvəlki illərdə daha çox yaşanırdı: “Tikinti şirkətləri evi bir çox hallarda vaxtında təhvil vermirdi. Bunun da obyektiv və subyektiv səbəbləri olurdu. Obyektiv səbəblər odur ki, dövlət qurumları - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bəzən layihələrə düzəliş edir yaxud dəyişdirirdi, bəzi hallarda tikintiləri müəyyən pozuntulara görə müvəqqəti dayandırırdı. Subyektiv hallar isə budur ki, tikinti şirkətləri bir çox hallarda öz maliyyə resurslarını düzgün qiymətləndirmirdi, vətəndaşlara əsassız sözlər verirdi və binanın tikintisi vaxtında yekunlaşmırdı”. 

Müqavilədə bu məqamlar mütləq olmalıdır

A.Ramazanovun sözlərinə görə, vətəndaşlar aldanmamaq üçün tədbirli olmalıdır: “Vətəndaşlar şirkətlə bağladıqları müqavilədə hüquqi müddəaların olub-olmamasına diqqət etməlidirlər. Evin nə zaman və hansı şəkildə təhvil verilməsinə, dövlət tərəfindən istismara qəbul olunub-olunmamasına, müvafiq kommunal xidmətlərin quraşdırılmasına xüsusi fikir verməlidirlər. Əgər mənzil vaxtında təhvil verilməzsə, binanı tikən şirkətə hansı hüquqi məsuliyyət tətbiq oluna bilər, bu da müqavilədə əks olunmalıdır”. 

Fərqli iddiaların qaldırılması mümkündür

Hüquqşünasın fikrincə, bu halda tikinti şirkətləri məsuliyyətə cəlb olunur: “Əgər bina vaxtında təhvil verilməzsə, vətəndaşın hüququ var ki, Mülki Məcəllədə göstərilən qaydada dəymiş zərəri şirkətdən tələb etsin. Yəni, kirayədə qalıbsa, artıq qaldığı kirayə pulunu istəsin. Yaxud müəyyən hallarda müqavilənin tamamilə pozularaq əvvəlki mənzilinin bazar qiyməti ilə dəyərinin ödənilməsini tələb edə bilər. İşin hallarından asılı olaraq, bir neçə fərqli iddiaların qaldırılması da mümkündür. Hansı məbləğdə cərimə kəsiləcək? Nə qədər maddi məsuliyyət daşıyacaq? Bunu işin hallarından, vətəndaşa dəymiş ziyanın məbləğindən asılı olaraq, məhkəmə müəyyən edir. Bu kimi hallarda tikinti sahiblərini əsasən mülki məsuliyyət gözləyir. Əgər tikinti şirkəti mənimsəmə və israfetməyə, özbaşınalığa, vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verərsə, bu zaman artıq vəzifə və korrupsiya cinayətlərinə görə, həmin şirkət rəhbərlərinin cinayət məsuliyyəti meydana çıxır”.