Bakıda avtomobillərin hərəkəti üçün nəzərdə tutulan tunellərin birində təhlükəli vəziyyət yaranıb.
Söhbət Sabunçu rayonu, Əmirulla Əliyev küçəsində yerləşən tuneldən gedir.
Belə ki, tunelə yığılan su sürücüləri əks yola çıxaraq hərəkət etməyə məcbur edir. Sürücülər üç aydır ki, analoji problemlə üzləşiblər.
Azərbaycan Dəmir Yolları QSC-dən baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2018-ci il tarixli, 3767 saylı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı-Sumqayıt dairəvi dəmir yolunda dəmir yolunun avtomobil yolu ilə kəsişmələrində mövcud olan eyni səviyyəli keçidlər müxtəlif səviyyəli keçidlərlə əvəz olunub:
“Belə ki, sözügedən tras boyu nəqliyyatın və insanların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ümumilikdə 37 yerdə müasir tipli müxtəlif səviyyəli keçidlər tikilərək istifadəyə verilib. Bunlardan 12-si tunel tipli yeraltı avtomobil keçidləri, 25 ədədi isə piyadaların istifadəsi üçün inşa edilib ki, bunlardan da 18 ədədi yerüstü, 7 ədədi isə yeraltı piyada keçidləridir.
Qeyd olunan yeraltı avtomobil keçidlərinin hamısında qrunt sularının kənarlaşdırılması üçün nasosxana quraşdırılıb.
Videodakı Sabunçu qəsəbəsi Əmir Bağırov küçəsinə keçən yeraltı avtomobil keçidi müvafiq tədbirlər planı çərçivəsində inşa olunub.
Həmin yeraltı avtomobil keçidində qrunt sularının yığılmasına səbəb yağış barmaqlıqlarının aidiyyəti qurumlar tərəfindən vaxtlı-vaxtında təmizlənməməsidir”.