Abşeron RİH-in yanında “makleri” döyən şəxslərə hökm oxundu

12
Mar
09:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cavid Həsənov və Elsevər Məmmədlinin (soyadları şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə qazanclarının 20%-i dövlət nəfinə tutulmaqla Cavid Həsənov 1 il 11 ay 22 gün və Elsevər Məmmədli isə 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum ediliblər. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin.

İttihama görə, hadisə ötən il Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında qeydə alınıb. 

Belə ki, Cavid Həsənov ev alqı-satqısı ilə məşğul olan, zərərçəkmiş Çingiz Səfərov vasitəsilə həyət evi alıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş həmin evi təmir edib təhvil verməyi öhdəsinə götürüb. Lakin təmir işləri vaxtında yekunlaşmadığı üçün Cavid qohumu Elsevər Məmmədli ilə birgə Çingiz Səfərovla görüşüb. Cavid təmir işlərini gecikdirdiyini bəhanə kimi gətirib zərərçəkmişlə mübahisə edib. 

Cinayət materiallarında göstərilib ki, daha sonra təqsirləndirilən şəxslər qəsdən zərərçəkmiş Çingiz Səfərovun sifət və boyun nahiyələrinə ardıcıl yumruq zərbələri vurub yerə yıxaraq, ona xəsarətlər yetiriblər.

Hadisədən sonra onlar cinayət məsuliyyətinə cəlb ediliblər.