Rüşvətə görə həbs edilən vəzifəli şəxslərlə bağlı QƏRAR

13
Mar
12:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirləndirilən Mircavad Haşımov və Zakir Kazımovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxslərdən biri şikayətini geri götürüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onların şikayətini təmin etməyib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin əməkdaşlarının xidməti fəaliyyətləri zamanı yol verdikləri qanunsuz hərəkətləri barədə həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. İstintaqla məlum olub ki, xidmətin 6 saylı Ərazi Vergilər Baş İdarəsində şöbə rəisi işləyən Mircavad Fərman oğlu Haşımovun həmin idarədə böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Zakir Mahmud oğlu Kazımovla qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq edib. Vergi ödəyicisinin fəaliyyətində aşkar edilmiş pozuntularla bağlı operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməməsinə görə vətəndaşdan 2020-2021-ci illər ərzində iki dəfə olmaqla, cəmi 20 min manat rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib. Mircavad Haşımov və Zakir Kazımov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinərək barələrində həbs qətimkan tədbiri seçilib.