Firdovsi Fikrətzadə: “Fermerin torpağı əkib-əkmədiyini kosmosdan izləyirik” - MÜSAHİBƏ + FOTO

11
Apr
17:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xüsusi vurğulanmalıdır ki, suvarma suyu dövlət tərəfindən böyük həcmdə subsidiyalaşdırılır. Əslində, min kubmetri dövlətə 35-40 manata başa gələn suyun min kubmetri sudan istifadə edən birliklərə 50 qəpiyə satılır, fermerlərə isə bir neçə manata. Bizdə suvarma suyunun qiyməti elə bildiyimiz “su qiymətinə”dir. Yəni həddindən artıq ucuzdur. Problem təkcə suyun ucuzluğunda da deyil, həm də bunun tənzimlənməməsindədir”.

Bunu seher.media-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Fikrətzadə deyib. Onunla müsahibəni təqdim edirik:

- Firdovsi müəllim, artıq yazlıq əkin mövsümü başlayıb. Ona görə söhbətimizə o yerdən başlayaq ki, bu gün əkinəyararlı torpaqlarımızda bu gün ən çox nə əkilir, taxıl?

- Başlayaq oradan ki, bütün dünyada taxıl əkinləri əkin strukturunun 60-70 faizini təşkil edir. Qeyd edim ki, taxıl daha çox torpaq tələb edir, məhsuldarlığı isə hektara 1 tonla ən yaxşı halda 4-5 ton arasında dəyişir.

Bizdə də, ümumilikdə, əkin sahələri strukturunun təqribən bir milyon hektarı taxıldan ibarətdir. Amma  ümumi əkin strukturunda iqtisadiyyat üçün daha çox əlavə dəyər yaradan sahələr də var. Məsələn, texniki bitkilərdən pambıq, tərəvəz bitkilərindən kartof, müxtəlif yem bitkiləri, meyvə bağlarının da bizim əkin strukturunda çox ciddi payı var. Ortalama bir milyon hektar taxıl sahələridirsə, 100 min hektar pambıq sahəsidir, haradasa 220 min hektar civarında meyvə bağlarımızdır, tərəvəz, kartof və bostan sahələrimiz də 130 min hektar civarındadır, yem sahələrimiz orta hesabla 350 min hektardır. Yəni ümumi struktur bundan ibarətdir.

Bu strukturda əlavə dəyər yaratmağa gəldikdə, bizim təbii iqlim şəraitimiz elədir ki, kənd təsərrüfatında ən çox əlavə dəyər, daha çox gəlir verən sahələr hansıdırsa, bizim də orada üstünlüklərimiz var.

Bütün dünyada kənd təsərrüfatına əlavə dəyər verən də texniki bitkilərdir. Məsələn, ən çox əlavə dəyər meyvəçilikdə, istixana tərəvəzçiliyində və kartofdadır. Ölkəmizin təbiəti də ən çox bu sahələrə uyğundur. Biz bu sahələri genişləndirsək, daha çox əlavə dəyər yarada bilərik.

- Bəs niyə genişləndirmirik?

- Ona görə ki, kənd təsərrüfatı sahəsində hər şey əlavə dəyər və mənfəətin maksimallığı ilə ölçülmür.  Bəzi hallarda səmərəlilik aşağı olsa belə, dövlət ərzaq təhlükəsizliyinə görə nisbətən aşağı səmərəli sahələri də stimullaşdırır.

Taxılçılıq da Azərbaycan üçün nisbətən aşağı səmərəli sahələrdəndir. Əgər məsələyə sırf iqtisadi səmərəlilik nöqteyi-nəzərindən yanaşsaq, bizdə digər sahələrlə müqayisədə taxılçılığın o qədər də çox səmərəsi yoxdur. Amma sırf ərzaq təhlükəsizliyinə görə dövlət bunu təşviq edir.

Eyni zamanda, bizim ümumi əkin sahələrimizin üçdəbiri, taxıl sahələrimizin isə təxminən yarısı düşür dəmyə ərazilərə. Bu ərazilərdə də zatən yalnız taxıl və uzaqbaşı paxlalı bitkilər əkmək mümkündür.

Bu gün bizim üçün əsas məqsəd budur ki, taxıl məhsullarının məhsuldarlığını daha çox intensiv texnologiyalarla artıraq. Bu da xüsusilə pivot suvarma sistemlərinin tətbiqi ilə bağlıdır. Eyni zamanda, siyasət həm də buna yönəlib ki, intensiv olaraq meyvə bağlarını genişləndirək ki, bizim ixrac potensialımız, əlavə dəyərimiz artsın, məşğulluq və gəlir əldə etmə imkanları genişlənsin.

- Ərzaq strukturumuz ümumilikdə nəyə əsaslanıb?

- Ərzaq strukturumuz ümumilikdə ərzaq təhlükəsizliyini mümkün qədər optimal həddə təmin etməyə köklənib.

- Bəzən deyirlər ki, Azərbaycan kiçik ölkədir, ərzaq təminatını tam təmin etmək imkanı olmamış deyil. Mümkündürmü belə şey?

- Xeyr. Ümumiyyətlə, dünyanın heç bir yerində ərzaq təhlükəsizliyini tam təmin edə bilərik deyə bir fikir yoxdur. Düzdür, bəzən belə doğru olmayan çağırışlar, müəyyən mənada yanlış mülahizələr olur. Amma ərzaqla özünütəminetmənin tam yox, optimal həddə çatdırılması anlayışı var.

- Firdovsi müəllim, pambıq sahələri ilə bağlı belə bir sual yaranır ki, bu ən çox su tələb edən bitkidir. Bugünkü su qıtlığında su təchizatı necə təmin olunur? Söhbət yalnız pambıq sahələrindən getmir, təbii ki. Ümumilikdə, mövcud əkinlərin suvarılması üçün kifayət qədər su varmı?

- Başlayaq oradan ki, pambıq ən çox su tələb edən bitki olmaqla yanaşı, həm də ən çox əlavə dəyər yaradan bitkilərdən biridir. Fermerlərlə keçirdiyimiz sorğulara əsasən deyə bilərəm ki, onları narahat edən iki əsas mövzu var - biri suvarma üçün suyun, digəri də örüş sahələrinin kifayət qədər olmaması. Bizim apardığımız sorğulara görə, fermerlərin 50-55%-i müxtəlif formatda su problemindən əziyyət çəkir.

- Belə olan halda pambığı su ilə necə təmin edirsiniz?

- Əslində, mən, texniki olaraq, bu məsələləri qarşı-qarşıya qoymağın tərəfdarı deyiləm. Bəli, su problemimiz var və bu, faktdır. Amma buna görə pambıq əkməkdən imtina etmək doğru olmaz. Çünki ilk olaraq nəzərə almaq lazımdır ki, uyğun torpaqlarımız var ki, həmin torpaqlar öz xüsusiyyətlərinə görə məhz pambıq əkini üçün daha yaxşı ixtisaslaşıb. İqtisadi tərəfdən götürsək, pambığın dəyər zənciri, yəni bizim ümumilikdə pambıq klasterimizin bugünkü həcmi təxminən 700 milyon manatdır. Buraya pambıq xammalı satışından tutmuş onun mahlıc, iplik və parça həddinə qədər olan klasteri və bir də pambıq yağı daxildir.

Bu rəqəmləri açıqlayası olsam, qeyd etdiyim kimi, pambıqçılıq klasteri üzrə ümumi dövriyyənin həcmi təxminən 700 milyon manatdır. Amma pambıq klasterinin iplik və parça istehsalı komponentləri üzrə istehsal güclərinin mövcud pambıq xammalı həcminə uyğun inkişaf etdirilməsi hesabına bu dövriyyə 1,7 milyard manata çata bilər. Yəni kənd təsərrüfatının bir altsektoru üzrə dəyər zəncirinin sona çatdırılması ümumi iqtisadi dövriyyəni bir milyard manat artıra bilir.

Sizcə, biz bu iqtisadi artım potensialı müqabilində niyə bu sahəni inkişaf etdirməməliyik? Onsuz da, kənd təsərrüfatının bir çox sahələri, ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən, müəyyən mənada iqtisadi səmərəliliyə göz yumularaq təşviq olunur. Yəni əlavə dəyər potensialı, onsuz da, çox yüksək deyil. Ona görə də pambıq kimi əlavə dəyər yaratmaq potensialı olan bir sahənin hesabına biz iqtisadiyyat üçün gəlir yaratmalıyıq ki, digər sahələri də bunların hesabına subsidiyalaşdıra bilək.

- Bəs su problemindən çıxış yolu nədir?

- Birincisi, olan su resurslarımızdan səmərəli istifadə etməliyik. Məsələn, bu gün su magistrallarının özləri bizdə effektiv texnologiya ilə deyil. Həm torpaq sahələrinə, həm açıq sahələrə su çatdırılmasında nə qədər böyük itkilərə yol veririk. Daha sonra sahələrarası məsafələrdə qapalı sistemlər yoxdur deyə orada da su itkisinə yol vermiş oluruq. Təsərrüfatların çox az hissəsində, cəmi 100 min hektara qədər sahədə, idarəolunan müasir suvarma sistemləri tətbiq olunur. Bu da Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan olunan 1,4 milyon hektar sahənin cəmi 7%-ə qədəri deməkdir. Daha sonra sututarlar, yəni qışda, yağışda, selbasmalarda su toplamaq üçün yerlər. Onların daha çox olmasına ehtiyac var.

Daha bir problem suvarma suyu üzrə tənzimləmələrdədir. Demək olar ki, suyun təsərrüfatlara verilməsinin uçot sistemi yoxdur. Bizim sudan istifadə edən birliklər modelimizdə yeni islahat aparılmasına ehtiyac var.

Xüsusi vurğulanmalıdır ki, suvarma suyu dövlət tərəfindən böyük həcmdə subsiyalaşdırılır. Əslində, min kubmetri dövlətə 35-40 manata başa gələn suyun min kubmetri sudan istifadə edən birliklərə 50 qəpiyə satılır, fermerlərə isə bir neçə manata. Bizdə suvarma suyunun qiyməti elə bildiyimiz “su qiymətinə”dir. Yəni həddindən artıq ucuzdur. Problem təkcə suyun ucuzluğunda da deyil, həm də bunun tənzimlənməməsindədir.

Digər tərəfdən də, bütün bunların fonunda həm də iqlim dəyişikliyi məsələsi mövcud vəziyyəti daha da  çətinləşdirir. Açığı, iqlim dəyişikliyi olmasaydı da, bizim bu problemlərimiz var idi, amma iqlim dəyişikliyi onu daha da dərinləşdirir, su qıtlığına daha çox şərait yaradır.

- Firdovsi müəllim, kənd insanı ilə söhbətlərdə çox tez-tez belə bir sualla rastlaşırıq ki, sovet dövründə gəlir gətirən ənənəvi kənd təsərrüfatı sahələri var idi ki, bu gün həmin sahələr o dövrdəki kimi diqqət mərkəzində deyil. Məsələn, tütünçülük, baramaçılıq (ipəkçilik), üzümçülük və s. Bunun həqiqət olduğu danılmazdır, amma yəqin ki, bir izahı da olmamış deyil.

- Əzizə xanım, bu məsələnin izahatı budur ki, biz artıq müstəqil ölkəyik. Yəni sovet dövründə Azərbaycanın kənd təsərrüfatı SSRİ-nin iqtisadiyyatının tərkib hissəsinə çevrilmişdi. O dövrdə ixtisaslaşma SSRİ miqyasında aparılırdı. Məsələn, belə ixtisaslaşma aparılırdı ki, SSRİ deyilən bir ölkənin taxıl, ət və süd məhsullarının təminatı düşürdü Rusiya, Ukrayna, Belarusiyanın payına, bu ölkəni texniki bitkilərlə - pambıq, tütün, barama və üzümçülüklə təmin etmək isə düşürdü Azərbaycanın, Özbəkistanın, Moldovanın, Gürcüstanın payına. Yəni ixtisaslaşma bu şəkildə idi və ümumittifaq miqyası üçün nəzərdə tutulurdu.

Biz müstəqil olduqdan sonra isə bizim baza göstəricilərimiz nə idi? Biz hələ o dövrdəki altı milyonluq əhali ilə ət və süd məhsulları, həmçinin kartof və taxılla özümüzü 30-35% təmin edirdik.

Müstəqil respublikamızın ərzaq təhlükəsizliyi tələbləri, bazar iqtisadiyyatına keçidin yaratdığı böhrana görə həmin dövrdə müstəqillik əldə etmiş ölkəyə ərzaq lazım idi - buğda lazım idi, ət lazım idi, süd lazım idi, kartof lazım idi. Ona görə də iqtisadiyyatın, başqa sözlə desəm, bazarın bu tələbi insanları o istiqamətə yönləndirdi. Hazırda biz kartofla özümüzü 90% təmin edirik, ət və südlə ortalama 83-86%, ümumi buğda ilə 60% civarında, sırf un istehsalında istifadə olunan buğda ilə isə, ildən asılı olaraq, 30-35% civarında özümüzü təmin edə bilirik. Diqqətinizə çatdırım ki, bir neçə il bundan əvvəl sırf ərzaqlıq buğda ilə təminatımız 25% idisə, bu gün 30-35%-ə çatıb.

Artıq əhalimizin sayı 10 milyona çatıb, kənd təsərrüfatı resurslarımız hesabına ərzaq təhlükəsizliyi sahəsindəki göstəricilər də yüksəlib.   

Bildiyiniz kimi, ərazimiz məhdud bir ərazidir. Biz ya əvvəlki kimi, SSRİ miqyasında üzümçülük, tütünçülük və ya pambıqçılıq üzrə ixtisaslaşmış respublika olub yenə də Rusiya, Qazaxıstan, Ukraynadan taxıl və ət-süd məhsullarını gətirmə modelini seçməli idik, ya da ki, həm də öz resurslarımızdan istifadə etməklə ərzaq təhlükəsizliyimizi təmin etməli idik. Dünya ideal dünya olsaydı, necə ki Avropa bunu nisbətən özü üçün inteqrasiya edib, hər şey fərqli ola bilərdi.

Məsələn, Niderlandda heç kimin “özümüzü buğda ilə özümüz təmin edək deyə” bir qayğısı yoxdur. Tək Niderland deyil, nə İtaliyanın, nə İspaniyanın, nə də Yunanıstanın belə bir dərdi, qayğısı var. Çünki onların heç biri taxıl ölkəsi deyil və bu dövlətlər hamısı bilir ki, taxılı onlara verəcək Avropa Birliyinə üzv dövlətlərdən Almaniya, Fransa, Bolqarıstan, əlavə olaraq Britaniya da qismən öz tələbatını ödəyəcək və artıq qalanı ixrac edəcək. Baltikyanı respublikaların da tələbatları azdır, bir-iki milyon ton da onlar idxal edəcək, onların buğda təminatında hər hansı problem olmayacaq.

Yəni dünyada bu, belə qəbul olunub. Çünki öz dünyalarını müəyyən bir sərhəd çərçivəsində sabit ediblər və arxayındırlar ki, faraş meyvə-tərəvəzlər cənubdan - İspaniyadan, İtaliyadan, gələcək və s.

- Belə bir ixtisaslaşmanın bizdə olmasına nə mane olur?

- Regionumuzun qeyri-sabitliyi. Bizim də regionumuz sabit olsaydı, əlbəttə ki, bizim üçün də bu, çox yaxşı ixtisaslaşma olardı. Məsələn, taxıl əkinini salardıq minimuma, Rusiyadan, Ukraynadan, Qazaxıstandan taxıl alardıq, əvəzində bütün gücümüzü verərdik meyvəyə, pambığa, tərəvəzə. Üzüm istehsalını daha da artırardıq, onlara bunu xammal kimi və ya faraş məhsullar kimi verərdik. Təəssüf ki, bizim regiondakı dünya o dünya deyil. Ona görə də biz istər-istəməz, yəni həm obyektiv, həm də subyektiv səbəblərdən sovet dövründəki üzüm, pambıq, tütün və digər texniki bitkilərin statistikasına nail ola bilməyəcəyik və heç belə bir hədəfimiz də yoxdur.

- İdxaldan asılı olan kənd təsərrüfatı sahələrimiz hansılardır?

- Bayaq qeyd etdiyim kimi, bizim buğda ilə özümüzü təmin etməmiz ümumilikdə 60%, ərzaqlıq buğda təminatımız isə 30-35%-dir. Bu da o deməkdir ki, biz 65-70% ərzaqlıq buğda üzrə təminatda idxaldan asılıyıq. Şəkər xammalının təxminən 90%-ni idxalla təmin edirik, qarğıdalı yağının 100%-i idxalla təmin olunur, günəbaxan yağının təxminən 98%-i idxal xammalı hesabına təmin olunur, intensiv fermanın əsas yem mənbəyi olan qüvvəli sənaye yemlərinin əsas xammalı olan soya təminatının 98%-i idxaldan asılıdır. Bundan əlavə, çay üzrə tələbatımızın ödənilməsi 98% idxal mənbələri hesabına təmin olunur. Düyü ilə bağlı da idxaldan asılılığımız var. Biz düyü xammalı ilə özümüzü təxminən 20% civarında təmin edirik, qalanı idxal hesabına təmin olunur.

Bu mövcud resurs tələbatlarının hamısını qiymətləndirəndə - biz meyvə-tərəvəzi ixrac edirik, kartofda bizim təminatımız yaxşı səviyyədədir, soğanla demək olar ki, 100% özümüzü təmin edirik.

Bostan məhsulları və yumurta ilə özümüzü tam təmin edirik, ət və süd məhsulları ilə təminat normal səviyyədə, 85-86% təşkil edir.

Hesablamalarımıza görə, bundan sonra, mövcud resurslarımızı nəzərə alsaq, biz qarğıdalı yağının xammal təminatını heç vaxt özümüzdə yaratmayacağıq, soya üzrə ən yaxşı halda, hər şey qaydasında getsə, növbəti, ortamüddətli dövrdə özümüzü təminatımız maksimum 20%-ə qalxa bilər.

- Niyə yarada bilməyəcəyik qarğıdalı yağının xammal təminatını?

- Çünki bəlli torpaqların resursları var. Bu resursları nəzərə alanda günəbaxan yağı xammalı ilə hazırda 2% özümüzü təmin edirik, ən yaxşı halda 10%-ə qədər arta bilər, şəkər xammalı ilə təminat indiki halda 10-12%-dir, ən yaxşı halda 25-30%-ə qədər yüksələ bilər. O da bir çox hallarda, pilot suvarma sistemlərinin əkinlərini genişləndirə biləcəyimiz təqdirdə. Bu isə həmin sahəyə milyardlarla investisiya qoyuluşu deməkdir.

-  Azərbaycanın özünü ət və ət məhsulları ilə təmin etməsində vəziyyət necədir?

- Ət istehlakında, ümumilikdə adambaşına ildə 42-43 kq ət istehlak edirik. Onun 16 kiloqramı mal ətidir, yenə də 16 kiloqramı quş ətidir, təxminən 9 kiloqramı qoyun əti, təxminən 1 kiloqramı donuz ətidir. Həmin bu dediyimiz adambaşına 42-43 kiloqrama daxildir həm təzə ət istehlakı, həm də ətdən emal olunmuş məhsullar - kolbasa, sosiska, müxtəlif konservlər və s.

- Firdovsi müəllim, bizdə at əti istehsal olunur? Bəzən xəbərlərdə tez-tez rastımıza çıxır.

- O bizdə epizodik bir istehsaldır. İstehsal da demək olmaz, əslində. Bizdə daha çox yük atlarının, işçi atların təsərrüfat dövriyyəsindən çıxdaş edilməsi hesabına onun ixracı yaranıb Orta Asiya respublikalarına. Yəni bu, epizodik bir haldır, sistemli təsərrüfat fəaliyyəti deyil.

- Bəs balıq əti necə?

- Balıq ətinin orta hesabla 60-62 min tonunu özümüz istehsal edirik, 19-20 min tonunu isə idxal edirik. Ölkədə adambaşına düşən balıq ətinin çəkisi illik yeddi-səkkiz kiloqramdır. Bizdə balıqçılığın akvakultura, yəni sənayeəsaslı balıqçılıq fermaları hesabına inkişaf etdirilməsi çağırışı aktualdır.

- Qayıdaq əkin sahələrimizə. Daha doğrusu, əkin sahələrimizin sığortalanma məsələsinə. Deyək ki, fermer 10 hektar torpağı əkdi, becərdi, amma hər hansı bir təbiət hadisəsi səbəbindən sonda məhsul zay oldu. Bu zaman sığortalanma necə həyata keçirilir, fermerlərimiz sığorta ilə bağlı ən çox nəyi bilmirlər və ya bilsələr də, ciddi yanaşmırlar ki, hansısa bir hadisə baş verəndə çox vaxt çıxılmaz vəziyyətdə qalırlar?

- Əzizə xanım, çox yaxşı oldu ki, bunu xüsusi vurğuladınız - fermerlər nəyi bilmirlər. Əvvəlcə qeyd edim ki, artıq bizim aqrar sığorta sistemi formalaşıb ki, orada bir çox sığorta hadisələri var, demək olar ki, bütün kənd təsərrüfatı sahələri sığortalanan sahələr qrupuna daxildir və orada müəyyən sığorta riskləri var - tutaq ki, dolu vurma, sel aparma, zəlzələ və s. kimi. Sığortadan yararlanmaq üçün fermerlərin sığorta müqaviləsi bağlaması lazımdır. Biz bu sığortanın populyarlaşması üçün subsidiyanın şərtləri kimi minimum on hektardan yuxarı sahələrə məcburi tələb qoyuruq ki, mütləq sığortalayın, sonra subsidiya üçün sənəd verin. Bəzən bu da fermerləri qane etmir və bu tələbin qoyulmasından narazılıq edirlər. Əslində, bu tələb, haradan baxsaq, fermerlərin xeyrinədir. Məqsədimiz budur ki, bu sığorta populyarlaşsın ki, sabah fermer zərərə uğrayanda sığortanın gəlib yerindəcə sığorta ödənişini etdiyini əyani şəkildə görə bilsin.

- Kənd təsərrüfatı sahələrinin icbari sığortası deyilən bir sığorta növü varmı bizdə?

- Xeyr, yoxdur. Bizim hər rayonda Davamlı Aqrar İnkişaf Mərkəzlərimiz (DAİM) var ki, fermerlər onlara müraciət edib, sığorta xidmətlərindən yararlana bilərlər. Niyə biz subsidiyaya müraciət edənlərdən sahələrin sığortalanmasını tələb edirik, çünki bu, fermerləri bir çox risklərdən qoruyur.

- Subsidiya məsələsinə toxundunuz, qısa bir cavab almaq istədim - subsidiya hansı halda verilmir?

- İlkin olaraq, sənədlərin doğru toplanmadığı təqdirdə. Bəyan olunan sənədlər hüquqi olaraq qeydiyyata alınmış sənədlər olmalıdır. Bir problem də var - indiyə qədər bizim kənd təsərrüfatı təyinatlı torpaqların üzərində mülkiyyətin və istifadə hüququnun təmini məsələsi. Buna görə onlarla sənəd forması var idi. Biz onları çalışıb vahid bir formata salmaq istəyirik. İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birlikdə bu məsələ üzərində ciddi iş gedir ki, axırda hamısı çıxarışa gəlsin. Yəni əmlak xidmətindən olan çıxarışla verilsin, ya şəxsi mülkiyyət kimi, ya icarə kimi və s.

Qısa desəm, subsidiya verilmir birincisi, o halda ki, çıxarış sənədi, yəni ciddi mülkiyyət hüququ olduğunu göstərən sənəd yoxdursa, ikincisi, qanunvericiliyə görə, subsidiya ancaq əkin təyinatlı torpaqdan istifadə edənlərə verilir. Yəni örüş yerində nəsə əkibsə, təbii ki, verilmir. Həyətyanı sahələrə verilmir, bir də belə bir hal olur ki, fermer bəyanını yanlış verir. Tutaq ki, bəyan edir ki, 10 hektar taxıl əkib, əslində isə beş hektardır, o zaman verilmir.

- Fermerin bəyanının düz, yaxud səhv olduğu necə təsbit olunur, necə ölçülür?

- Risk meyarı əsasında seçmə aparılır. Həm kosmosdan həmin sahənin ümumi müşahidəsi aparılır ki, görək əkin aparılır ya aparılmır. Həm də lazım olsa, sahə ziyarətləri ilə - birbaşa sahəyə gedilir, GPS avadanlıqları vasitəsi ilə yerində yoxlanılır.

- Kənd təsərrüfatına yararlı torpaqların onu özəlləşdirən kəndli tərəfindən hər hansı bir səbəbdən əkilməməsi, istifadəsiz qalması halı baş verərsə, bununla bağlı hansısa addım atılır, yoxsa torpağı əkmək, yaxud əkməmək sahibinin seçiminə bağlı bir məsələdir?

- Xeyr, xeyr, qətiyyən əkinəyararlı torpağı əkməmək kimi bir seçim ola bilməz. Ən birinci bununla bağlı qanunvericilik bazası yaradılıb ki, əgər bu gün fermer - fərqi yoxdur, şəxsi mülkiyyətindədir, yaxud deyil - torpaqdan istifadə etmirsə, onun torpaq vergisi ödənişi artırılır - iki il, üç il, beş il və hətta o torpağın məcburi qaydada ondan alınmasına qədər bir mexanizm nəzərdə tutulur. Vergilərin həcmi həddən artıq çox artırılır.

Hazırda fermerlərin torpaq vergisinin həcmi, demək olar ki, simvolik bir həddədir. Bu da ona görədir ki, adam mülkiyyətçilik hissi deyilən bir şeyi hiss etsin. Bizdə kənd təsərrüfatı bütün vergilərdən azaddır. Amma torpağı istifadə etmədiyi halda - nə özü əkir, nə də icarəyə verirsə, o zaman mütləq olaraq vergi ödəmələri və vergi cərimələri artırılır.

- Bir məsələ də, hesab edirəm, kənd insanına maraqlı olar - fermerə mülkiyyətində olan torpağa nə əkməsi ilə bağlı göstəriş verilə bilərmi?

- Xeyr. Heç bir halda. Nə əkməyinə, təbii ki, fermer özü qərar verir.

- Firdovsi müəllim, kənd təsərrüfatı sahəsində payına daha çox əkinəyararlı torpaq düşən bərəkətli bölgələrimiz hansılardır?

- Bilirsiniz, Əzizə xanım, əslində, hər bir torpağın öz spesifikası var. Digər tərəfdən, texnologiya artıq elə səviyyədədir ki, ən zəif torpaqları belə, ən məhsuldar torpağa çevirmək mümkündür. Məsələn, şərti olaraq bizdə deyilir ki, Ucar-Hacıqabul tərəfin torpaqları zəif torpaqlardır. Orada biz pilot olaraq Çin texnologiyası ilə pambıq əkdik, əldə olunan məhsuldarlıq ölkənin ümumi məhsuldarlığından daha yüksək oldu. Hər hektara 50 sentnerə qədər məhsul alınmasından söhbət gedirdi, hansı ki, ölkədə ortalama hər hektara 28-30 sentner məhsul düşür.

Bizdə ən yaxşı Tərtər tərəfin torpaqlarıdır ki, pambıq deyək ki, hər hektara 35-40 sentnerdir, amma ən zəif torpaqda texnologiyanı tətbiq edib hər hektardan 50 sentner məhsul əldə etmək mümkündür.

Götürək elə dəmyə əraziləri. Bu ərazilər də ən aşağı məhsuldar torpaqlar hesab olunur. Ancaq məsələn, İsmayıllı və ya Quba-Qusar tərəfdəki dağlıq və dağətəyi ərazilərdə dəmyə torpaqlarında düzgün aqrotexnika ilə hər hektardan 40 sentnerə qədər taxıl məhsulu ala bilən təsərrüfatlar var, amma hansı ki, aran torpaqlarında suvarma ilə belə, 30-35 sentneri böyük həcmdə gübrələrin tətbiqi ilə əldə etmək olur. Ona görə məhsuldar torpaq ifadəsi müəyyən mənada şərtidir.

Yeri gəlmişkən, bir məsələni də qeyd edim ki, hazırda torpaqların keyfiyyət kateqoriyaları üzrə elektron informasiya sisteminin qurulması prosesinə başlanılıb. Artıq torpaqların keyfiyyəti və ya keyfiyyət itirməyə məruz qalan torpaqlarla bağlı elektron uçot sistemi yaradılır.

- Əslində, bayaq bu sualı verəcəkdim, fikrinizi bölmək istəmədim - Azərbaycanda ümumilikdə neçə hektar əkinəyararlı torpaq sahəsi var?

- Ümumi balansımızda, azad olunmuş ərazilərimizlə birlikdə, iki milyon hektar əkin balansımız var. Onun da təxminən 1,4 milyonu suvarılmalıdır, yəni suvarılmasa, orada məhsul olmayacaq. Haradasa 500-600 min hektar da dəmyə torpaqlarımız var.

Bizdə kənd təsərrüfatı suvarmadan çox asılıdır. Təsəvvür edin ki, sahələrimizin 70%-i suvarmadan asılıdır. Məhz buna görə deyirik ki, hansı məhsullar əlavə dəyər yaradırsa - məsələn, meyvədir, tərəvəzdir, pambıqdır, biz diqqətimizi ona yönəltməliyik. Çünki bizdə olan o bahalı və qıt su ilə daha çox əlavə dəyər yaratmaq yolunu seçməliyik ki, digər xərcləri də kompensasiya edə bilək.

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova