Qaradağ GES xarici investisiya hesabına tikilən yaşıl enerji layihələrinin başlanğıcıdır - ŞƏRH + FOTO

22
Apr
16:00
thumb_down 0

“Ötən ilin oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən tikilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) Azərbaycanda xarici investisiya hesabına inşa olunan yaşıl enerji layihələrinin başlanğıcıdır”.

Bunu “Report”a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Cavid Babayev bildirib.

Onun sözlərinə görə, ölkədə ilk sənaye miqyaslı bərpa olunan enerji layihəsi olan Qaradağ GES-in istifadəyə verilməsi elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payını 20,3%-ə çatdırıb:

“Bunun davamı olaraq, 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyasının (KES) layihəsinin tikintisi üzrə işlər davam etdirilir, həmçinin Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq GES” layihəsi üzrə işlərin icrasına cari ilin ikinci yarısından başlanılacaq. Bundan əlavə, “Masdar” şirkəti tərəfindən Neftçalanın Bankə qəsəbəsində 315 MVt, Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyası layihələrinin icrası ilə bağlı işlər davam etdirilir. Bununla bağlı, ötən günlərdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə Biləsuvar, Neftçala və Abşeron-Qaradağ rayonlarında bərpa olunan enerji mənbələrinin əraziləri müəyyən edilib. Həmçinin, Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə ilk hərracın keçirilməsi nəzərdə tutulur”.

Mütəxəssisin fikrincə, dünyada ənənəvi enerji resurslarının ixracatçısı kimi tanınan Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə diqqət mərkəzindədir:

“Ölkənin enerji balansında yaşıl enerji mənbələrindən istehsal olunan enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycanda bərpa olunan enerji mənbələrindən səmərəli istifadə sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Yaşıl enerjiyə keçid dövlətin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə yaşıl enerji sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və investorlarla fəal əməkdaşlıq edilir”.

C. Babayev bildirib ki, yaşıl enerji sənayesinin inkişafı üçün müvafiq hüquqi-normativ aktlar qəbul edilir və institusional tədbirlər həyata keçirilir:

“Azərbaycanda mövcud olan yüksək bərpa olunan enerji potensialı bu sahədə iri layihələrin icrasına imkan yaradır. Bu potensialdan, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır”.

O qeyd edib ki, bu sahədə qabaqcıl ölkə olmağı hədəfləyən Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə 28 QVt yaşıl enerji, hidrogen və yaşıl ammonyak layihələrinin 2037-ci ilədək mərhələli icrası üzrə əməkdaşlıq edilir, 2027-ci ilədək 2 QVt-lıq yaşıl enerji güclərinin yaradılması istiqamətində işlər davam etdirilir:

“Bu il ümumi gücü 1 300 MVt olan daha 5 günəş və külək elektrik stansiyalarının inşasına başlanılacaq. Paralel olaraq, ilkin mərhələdə 5 QVt yaşıl elektrik, yaşıl qazların ixracı üçün Xəzər-Qara dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa, həmçinin Qazaxıstan və Özbəkistandan yaşıl enerjini nəql edəcək Azərbaycan-Mərkəzi Asiya-Avropa yaşıl enerji dəhlizlərinin yaradılması üzrə əhəmiyyətli addımlar atılır. Ölkə başçısının müvafiq sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ümumilikdə 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin qoyuluş gücünün ən azı 30%-ə çatdırılması hədəf müəyyən edilib. Yaşıl enerji mənbələrindən enerji istehsalı iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alması üçün vacibdir”.