“Avroviziya 2024” mahnı müsabiqəsi bu il İsveçin Malmö şəhərində keçirilir. May ayının 5-də “Avroviziya 2024” mahnı müsabiqəsinin açılış mərasimi olub. Bu gün ilk yarımfinal olacaq. İkinci yarımfinal 9 may, final isə 11 mayda baş tutacaq.
Azərbaycanı təmsil edən Fahree və İlkin Dövlətov bu gün birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.
İkinci yarımfinalda isə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Niderland, Norveç, Latviya, San Marino mübarizə aparacaq.
Bəs görəsən bu il təmsilçilərimiz finala vəsiqə qazana biləcəklərmi?
seher.media-ın əməkdaşı keçmiş “Avroviziya” təmsilçilərimiz ilə danışıb.
Azərbaycanın Əməkdar artisti, 2012-ci ildə “When the Music Dies” mahnısını ilə ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Səbinə Babayeva qeyd edib ki, Avropa yenə də muğamımızı eşidəcək:
“Mahnı yaddaqalandır. Fahree oxuduğu hissə çox melodikdir. Nəqərat hissəsi çox asan yadda qalır. Mahnımızda həm müasirlik, həm də muğam var. İlkinin oxuduğu hissə isə mahnının pik nöqtəsidir. Çox möhtəşəm və emosional səslənir. Avropa yenə də muğamımızı eşidəcək. Azərbaycana və təmsilçilərimizə uğurlar diləyirəm. Finala keçmək şansımız daha çoxdur. Yaxşı yer tuta bilərik”.
2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova təmsilçilərimizə uğurlar diləyib:
“İştirakçılarımıza uğurlar diləyirəm. İnanıram ki, finala vəsiqə qazana biləcəklər. Uğurla keçəcəyimizə əminəm. Hər şey çox gözəl olacaq”.
Qeyd edək ki, Azərbaycanı “Avroviziya-2024” mahnı müsabiqəsində ”Özünlə apar” mahnısı ilə təmsil edəcək Fəxri İsmayılov (Fahree) və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar. Mahnının müəllifi Fəxri İsmayılovdur. İfanın muğam hissəsini digər təmsilçimiz İlkin Dövlətov ifa edəcək.
Nəzrin Vahid