Bu il gümüşün qiymətində müşahidə edilən artım sürəti qızıla nisbətən daha yüksək olub.
SEHER.MEDİA xəbər verir ki, sürətli artımın nəticəsində uzun 11 illik fasilədən sonra nəcib metalın bir qramının qiyməti yenidən 1 dolları ötüb.
Hazırda beynəlxalq birjalarda gümüşün bir troya unsiyasının (31,1 qram) qiyməti 31,7 dollardır. Başqa sözlə, bir qram gümüşün dəyəri 1,02 dollara bərabərdir.
Məlumatların təhlilindən görünür ki, son bir ildə gümüşün qiyməti 35 faiz artıb. Bir il əvvəl qramı 0,77 dollar olan gümüşün dəyəri ötən müddətdə təxminən 0,25 dollar yüksəlib. Müqayisə üçün bildirək ki, son bir ildə qızıl 24 faiz bahalaşıb.
Gümüşdə bahalaşma 2024-cü ilin martından müşahidə edilir. Gümüşün bahalaşmasının əsas səbəbi qızılın dəyərinin artması ilə bağlıdır. Qızıl bahalaşdıqda digər qiymətli metallar da bahalaşır. Lakin qızılın dəyəri daha çox artdıqda yığım vasitəsi kimi nisbətən ucuz dəyərli metallara da maraq artır. Bu səbəbdən gümüşün dəyərində daha sürətli artım müşahidə olunub.